Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı barədə məlumat verib, Aqrar Biznes Festivallarının rayonda aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və fermerlərin innovativ həllərlə tanış olmasının əhəmiyyətinə toxunub. O, festivalın məqsədinin kənd təsərrüfatı sahəsindəki bütün maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişaf mühiti yaratmaq olduğunu vurğulayıb. Festival iştirakçılarına müraciət edən Anar Cəfərov fermerləri aqrar sahədə yeni texnologiyaların tətbiqi prosesini sürətləndirməyə çağırıb.
Daha sonra “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Elgün Məhəmmədəlizadə, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmlərindən danışıb, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd ediblər.
Festival çərçivəsində fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaq məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən maliyyə qurumları, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri və sığorta imkanları barədə məlumatlar verilib.
Festivalda sərgi hissəsi ilə yanaşı, fermerlər üçün təlimlər də təşkil edilib. “Agrosystems” şirkətinin təsisçisi Köçəri Həsənov “Meyvə-tərəvəz məhsullarının uzun müddətli saxlanılması və soyuq zəncirin tətbiqi” mövzusunda təlimdə qida məhsullarının optimal temperaturda saxlanmasının davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışıb. “Maliyyə savadlılığının artırılması” mövzusunda keçirilən təlim isə fermerlərin maliyyə savadlılığının artırılmasına xidmət edib.
Festival çərçivəsində aqrar sahədə fəaliyyət göstərən kooperativlərin fəaliyyətinin gücləndirilməsi və onların bazara çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçirilib.
Forumun “Kooperativlərin formalaşmasına və strateji inkişafına dəstək” mövzusuna həsr edilən ilk panel müzakirəsində kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Forumun ikinci hissəsində “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdə “Akasiya”, “Qərb yenilikləri”, “Çinar” kənd təsərrüfatı məhsullarının istehsal-istehlak kooperativləri və “Lənkəran natural products” istehsal kooperativinin təsisçiləri sahibkarlıq fəaliyyəti və aqrar sahədə kooperativlərin inkişafına dair öz təcrübələrini bölüşüblər.
Forum regionlarda sahibkarların biznes mühitində daha fəal iştirakının stimullaşdırması və kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.
Tehsil-press.az