Deputatlar Novruz bayramını harada qeyd edirlər? - SORĞU

Deputatlar Novruz bayramını harada qeyd edirlər? - SORĞU Novruz bayramı tətilinin ikinci günüdür. Hər kəs bayramı fərqli qeyd edir.

Tanınan insanların, xüsusilə də ictimai-siyasi cameədə olan şəxslərin bayramı harada qeyd etdiyi maraq doğurur. Ona görə də bu dəfə Milli Məclisin deputatlarının Novruz bayramını harada qeyd etdiyini öyrənməyə çalışdıq.

Maraqlıdır, deputatlar Novruz bayramını harada qeyd edirlər?

Bununla bağlı millət vəkilləri arasında sorğu keçirib.

Jalə Əliyeva Novruz bayramını evdə qeyd etdiyini deyib:

"Mən Novruz bayramını Bakıda, evimizdə qeyd edirəm. Ümumiyyətlə, biz hər zaman bayramları evimizdə keçiririk. Sonra isə yəqin ki, rayona da gedərəm".

Günay Ağamalı da bayramı ailəsi ilə birgə keçirdiyini söyləyib:

"Novruz xalqımızın ən əziz və qədim bayramlarından biridir. Hər il olduğu kimi, bu il də Novruz bayramını ailəm və doğmalarımla birlikdə qeyd edəcəyəm. Novruzun əsas mahiyyəti birlik, həmrəylik və xeyirxahlıqdır. Bu gözəl bayramın hər kəsə sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıram!"

Elnarə Akimova isə Novruz bayramını Sumqayıtda qeyd edir:

"Bayramı Sumqayıtda, evimdə keçirirəm. Bu, mənim üçün bir ritualdır. Düşünürəm ki, insan yaşadığı evini, ocağını bayram günlərində tərk etməməlidir. Bu il kiçik oğlum ali məktəbə hazırlaşdığı və müəllim yanına hazırlıqlara getməsi səbəbindən kənarda tətil keçirə bilməyəcəyik. Lakin bir neçə günlük ailəvi Qusarda, yaxud Xızıda dincəlmək fikrimiz var. Ən gözəli vətənimizin cənnət guşələridir. Bu ilıq yaz havasını, fəslin oyanışını və yenilik ruhunu təbiətin qoynunda hiss etməyin ayrı feyzi var".

Hikmət Babaoğlu bayram günlərində Qarabağa getməyi düşünür:

"Novruz bayramı günlərində Novruz qədər sevdiyimiz Qarabağa, Şuşa və Laçına getməyi planlaşdırıram".

Elman Nəsirli isə bayramı Cəlilabadda keçirir:

"Novruz bayramını ata yurdunda - Cəlilabadda qeyd edirəm. Mən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçildiyim üçün burada seçicilərimlə də görüşürəm və onları təbrik edirəm. Bu baxımdan da, Cəlilabada gəlmək mənim üçün sərfəlidir".

Naqif Həmzəyev də bayramı paytaxtdan kənarda qeyd edən deputatlardandır:

"Novruz bayramını Gəncədə, ailə üzvləri ilə birlikdə keçirirəm".

Elmir Mustafa


Tehsil-press.az

Oxşar xəbərlər