İspaniyada yaşayan həmvətənlərimiz Novruz bayramını qeyd ediblər

İspaniyada yaşayan həmvətənlərimiz Novruz bayramını qeyd ediblər Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Tədbirdə İspaniyada yaşayan azərbaycanlılar, İspaniya ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bayram tədbirində çıxış edən səfir Anar Məhərrəmov iştirakçıları Novruz Bayramı münasibətilə təbrik edib. Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu deyən səfir ölkəmizin müstəqilliyinin bərpa olunması ilə bu bayramın daha da rəngarəng, şən, yüksək əhvali-ruhiyyədə qeyd edildiyini vurğulayıb.
Novruz bayramının xalqımızın ən əziz milli bayramlarından biri kimi məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edildiyini bildirən səfir Anar Məhərrəmov bu bayramın birlik və həmrəyliyə çağırış rəmzinə çevrildiyini vurğulayıb.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanlanan təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev təbrikində xalqımıza sülh, firavanlıq, yeni nailiyyətlər arzulayıb. Azərbaycan Prezidenti xüsusi olaraq Vətənimizin ərazi bütövlüyünün keşiyində dayanan əsgərlərimizə bayram təbriklərini çatdırıb.
Tədbirdə qeyd olunub ki, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruz bayramı xaricdə yaşayan soydaşlarımızın bağlılıq hisslərini gücləndirir və ölkəmizin milli maraqları baxımından birgə fəaliyyətlərini daha da təşviq edir.
Sonra tədbir şənlik proqramı ilə davam etdirilib. Milli rəqslər izlənilib, musiqi sədaları altında qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim olunub, kiçik yaşlılara bayram sovqatı paylanılıb.
Sonda Novruzun rəmzi olan bayram tonqalı alovlanıb.

Təhsil-press.az

Oxşar xəbərlər