
Sözügedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları üçün evi tərk etmirdilər. Hadisə yerinə xilasediciləri cəlb olunub.
Hüquqşünas Əliməmməd Nuriyev deyib ki, baş verən hadisə ilk növbədə bir neçə etik normanın pozulmasıdır:
“Bundan başqa baş verən hadisə çox ciddi hüquq pozuntusudur, yolverilməzdir. Məsələni hüquqi nöqteyi-nəzərdən analiz etdikdə görərik ki, burada mülkiyyət hüququnun pozulması baş verib. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarını qoruyur. Hətta ev qeyri-qanuni tikili olsa belə orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz.
İnzibati Xətalar Məcəlləsinə görə, şirkətin etdiyi məsuliyyət yaradır. Bu, qeyri-qanuni hərəkətdir. Belə ki, hüquqi əsas olmadan mülkiyyətə müdaxilə və insan həyatı üçün təhlükə yaratmaq cinayətdir. Burada mülkiyyətin məhv edilməsi baş verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186, 187-ci maddələri qüvvəyə minir. Əgər insan həyatına təhlükə yaranırsa, şəxsiyyət əleyhinə cinayət də sayılır.
Yaşayış binasının içərisində insan olduğu üçün bu həm də xüsusi təhlükəli əməl sayılır. Cinayət Məcəlləsinin müvafiq bəndi üzrə də məsuliyyətə cəlb edilə bilər”.
Ə.Nuriyev deyib ki, hər hansı şirkət tikinti işi aparırsa, yerli icra hakimiyyəti, FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış təxliyə işi aparmalıdır:
“Bütün bunlar edilməyibsə, tikinti şirkəti təkcə hüquqi deyil, həm də mülki məsuliyyət daşıyır. Çünki əmlaka və insanlara zərər dəyir. Digər tərəfdən, bu cür hərəkətlər insanlara psixoloji zərbə də vurur.
Qanunla heç bir şəxs, ailə evindən çıxmırsa, onu zorla çıxara bilməzlər. Söküntü işləri məhkəmə qərarı ilə başlaya bilər. Lakin yenə də təxliyə işləri aparılmadan heç bir söküntü aparmaq olmaz.
Vətəndaşlar Baş Prokurorluğa, Ombudsman Aparatına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə və polisə şikayət edə bilərlər. Bundan başqa, məhkəməyə müraciət edib şirkətə qarşı maddi-mənəvi təzminat irəli sürə bilərlər”.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
“Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”, – deyə məlumatda qeyd edilib.
Tehsil-press.az