Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Bəhruz Əzimov fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib.
Qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Bəhruz Əzimov təhsil tələbə kreditinin sosial və standart növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ və tətbiq edilən güzəştləri diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Cabbar Hüseynli çıxış edərək kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi yönündə ilkin şərti diqqətə çatdırıb. Kredit məbləğinin birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verildiyini vurğulayıb. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ verildiyini söyləyib. Həmçinin tələbənin valideynləri işləmirsə və ya qruplar üzrə əllilliyi mövcuddursa həmin tələbənin sosial tələbə kreditindən istifadə edə biləcəyini bildirib.
Universtetin Monitorinq və qiymətləndirmə sektorunun müdiri Elgün Tağıyev fond yarandığı gündən NDU-da TTK-ya müraciət sayını diqqətə çatdırıb. İllər üzrə statistikalarda müraciətlərin daim artdığının izlənildiyini bildirib. Vurğulayıb ki, bu günə qədər NDU-da TTK-ya 1 308 müraciət olub, 1 091 müraciət rəsmiləşib. Rəsmiləşən müraciətlərin 272-si sosial, 819-u isə standart Təhsil Tələbə Kreditinə aid olub.
Görüşün sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.



Tehsil-press.az