
O deyib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir: "Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik".
Qeyd edək ki, prosesin başlanğıcı ötən ilin iyun ayında qoyulub. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.
Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsinin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi pilot layihə şəklində həyata keçiriləcək, bir neçə məktəb publik hüquqi şəxsə çevrildikdən sonra bütün məktəblərdə bu istiqamətdə addımlar atılacaq:
“Əgər proses düzgün həyata keçirilərsə, dəqiq mexanizm və şəffaflıq olarsa, məktəblərin hüquqi status daşıması müəllimlərin maaşının artırılmasına da təsir edəcək. Həmçinin bu məktəblərin infrastrukturunun yenilənməsi, məktəblərin vaxtlı-vaxtında təmirinə də müsbət təsir göstərə bilər. Ancaq burada normal sistem qurulmasa, şəffaflıq olmasa əksinə bu proses məktəbdə çalışanlar üçün problem yarada bilər. Prosesin mənfi tərəfi maliyyə məsələlərinin idarəsi, valideynlərin prosesdə iştirakı və digər bütün məsələlər ola bilər ki, bunlara yalnız bir neçə məktəbin publik-hüquqi şəxsə çevrilməsindən sonra hadisələri nəzərdən keçirib, dəqiq münasibət bildirə bilərik”.
Onu da qeyd edək ki, publik hüquqi şəxs dövlətin və ya bələdiyyənin yaratdığı, ictimai maraqlara xidmət edən, amma digər dövlət orqanlarından fərqlənən qurumdur. Bu tip qurumlar hüquqi şəxs statusuna malikdir, yəni öz adından müqavilə bağlaya, məhkəməyə müraciət edə, həm də müəyyən hallarda dövlətin bəzi səlahiyyətlərini icra edə bilər. Əsas fərq ondadır ki, publik hüquqi şəxslər sərt qaydalardan bir qədər azaddırlar.
Dövlətin bu qurumları yaratmaqda məqsədi müəyyən sahələri daha çevik və effektiv idarəetmə sisteminə salmaqdır. Klassik dövlət qurumlarından fərqli olaraq, publik hüquqi şəxslər daha az inzibati prosedura tabedirlər və bu da onlara tez qərar vermək, daha müasir üsullarla işləmək imkanı yaradır. Məsələn, Dövlət İmtahan Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki bəzi agentliklər bu tip qurumlara aid edilir. Onlar həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilirlər.
Tehsil-press.az