
Universitetin rektoru Səadət Əliyeva millət vəkilini salamlayaraq, onu yenidən universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Ceyhun Məmmədovun bir müddət əvvəl ali məktəb rektoru, indi isə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü kimi Azərbaycan təhsilinə töhfələr verdiyini diqqətə çatdırıb. Səadət Əliyeva millət vəkilinin müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabını incələdiyini və onun gənclərə doğru istiqamət verəcək dərinlikli və dəyərli tövsiyələrdən ibarət olduğunu da vurğulayıb.
Prorektor Yusif Qasımov çıxışında Ceyhun Məmmədovun Milli Məclisin ən fəal millət vəkillərindən biri olduğunu qeyd edib və “Gənclərə tövsiyələr” kitabı haqqında fikirlərini bölüşüb.
Millət vəkili Ceyhun Məmmədovun çıxışı dünyada və bölgədə gedən siyasi proseslər, Azərbaycan üçün son illərin ən böyük uğuru olan ərazi bütövlüyünün və suverenliyin bərpası, Azərbaycanın postmüharibə dövründə üz-üzə qaldığı çağırış, təhdid və təhlükələr, ölkənin sosial-iqtisadi inkişafında gənclərin üzərinə düşən məsuliyyət və gözləntilər mövzusuna həsr olunub. Millət vəkili bu yolda təhsilin və milli-mənəvi dəyərlərə sadiqliyin əhəmiyyətini vurğulayıb və müəllifi olduğu kitabın ərsəyə gəlmə prosesi haqqında məlumat verib.
Qonaq həmçinin Azərbaycan Universitetinin ölkənin ali təhsil məkanında öz dəst-xətti ilə seçildiyini və fəaliyyətini yaxından izlədiyini bildirib. Universitetin son illərdə beynəlxalq reytinqlərdə yer aldığını və irəlilədiyini qeyd edən millət vəkili universitet rəhbərliyini və kollektivini təbrik edib.
Görüş tələbələrin millət vəkilinə ünvanladıqları Qarabağ zəfərindən sonra bölgədə yaranan yeni reallıq, Qarabağ zəfərinə beynəlxalq ictimaiyyətin münasibəti, Azərbaycanın xarici siyasətində prioritetlər və yeni istiqamətlər, Azərbaycanın milli təhlükəsizliyinə yönələn təhditlər, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi, dünyada gedən siyasi proseslər və bu kimi çoxsaylı sualları cavablandırıb.
Millət vəkili Ceyhun Məmmədov sonda universitetin xatirə dəftərini imzalayıb və tədbir iştirakçıları ilə şəkil çəkdirib.
Tehsil-press.az