BDU-da keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı millət vəkili Mehriban Vəliyeva olub

BDU-da keçirilən Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Milli Məclisin üzvü Mehriban Vəliyeva olub.

Qonağı salamlayan rektor Elçin Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə əbədiyyət qazanıb. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ümummilli Lider adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Onun ideyalarının təbliğ olunması, gənclərə öyrədilməsi bu layihənin əsas missiyalarından biridiir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. O bildirib ki, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın beynəlxalq arenada tanınmasında, ölkəmizin həqiqətlərinin yayılmasında gənclər mühüm rol oynayırlar.

Millət vəkili Mehriban Vəliyeva Azərbaycanın müstəqilliyinin bərpasından sonra baş verən tarixi hadisələri xatırladıb və Ümummilli Lider Heydər Əliyevin ölkənin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq arenadakı nailiyyətlərini xüsusi vurğulayaraq, COP29 tədbirinə ev sahibliyinin ölkəmiz üçün böyük uğur olduğunu bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsil sferasında da inkişaf prosesi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin həyata keçirdiyi ciddi islahatlar bu gün də təhsil sahəsinin əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynayır. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, xalqın intellektual yüksəlişini diqqət mərkəzində saxlayıb.

Sonda tələbələrin təklifləri müzakirə olunub, sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər