
Təhsil eksperti Kamran Əsədov deyib ki, Tovuzdakı son hadisə təkcə texniki və təsadüfi problem deyil:
“Bu, Azərbaycanın bəzi bölgələrində təhsil müəssisələrinin fiziki və infrastruktur baxımından nə qədər acınacaqlı vəziyyətdə olduğunun, illərlə həll olunmayan təhlükəsizlik və nəzarət boşluqlarının real nəticəsidir. “Apilka peçi”nə görə zəhərlənmə halı çox açıq və ciddi siqnaldır. Məktəblər yalnız soyuqda donmamaq deyil, həm də ölməmək üçün mübarizə aparılmalı məkanlara çevrilib. “Ümumi təhsil haqqında” Qanunun 16.4-cü maddəsində qeyd olunur ki, təhsil alanların sağlamlığının qorunması üçün sanitariya-gigiyena və texniki təhlükəsizlik normalarına uyğun şərait yaradılmalıdır. Bu hüquq normativ baxımdan məktəbdə təhlükəsizliyin təmin olunmasını dövlətin borcu kimi təsbit edir. Amma sözügedən hadisə göstərir ki, bəzi bölgələrdə bu norma ya ümumiyyətlə tətbiq olunmur, ya da formal şəkildə mövcuddur”.
Ekspert bildirib ki, “apilka peçi”nin məktəbdə istifadə olunması təhlükə mənbəyidir:
“Bu soba növü nə müasir standartlara uyğundur, nə də nəzarətə açıq texnologiyadır. Qazla təmin olunmayan məktəblərdə bununla otaqları isitmək məcburiyyəti təkcə texniki yoxsulluq deyil, həm də uşaqların həyatını birbaşa risk altına atan sosial məsuliyyətsizlikdir. Bu gün sadəcə beş şagirdin zəhərlənməsi ilə nəticələnən hadisə, sabah yanğın və ölüm hallarına səbəb ola bilər. Azərbaycanda hələ də yüzlərlə məktəb ya qəzalı binada fəaliyyət göstərir, ya da istilik və ventilyasiya sistemlərindən məhrumdur. Təhsil Nazirliyinin 2023-cü il hesabatına əsasən, ölkə üzrə 350-dən çox məktəbin təmiri və yenidən qurulmasına ehtiyac var. Bu məktəblərin çoxunda müasir isitmə sistemləri quraşdırılmayıb və bu da həmin müəssisələri qış aylarında potensial ölüm mənbəyinə çevirir”.
K.Əsədovun sözlərinə görə, hər bir məktəb üzrə istilik sistemlərinin texniki vəziyyəti təcili şəkildə monitorinq edilməli, qazlaşdırma proqramı sürətləndirilməli, mümkün olmayan yerlərdə isə müasir elektrik isitmə sistemləri ilə əvəz olunmalıdır:
“Ən vacibi məktəblərdə təhlükəsizlik üzrə xüsusi protokollar hazırlanmalı, müəllim heyəti bu mövzuda mütəmadi təlim keçməli, şagirdlər isə risklər barədə məlumatlandırılmalıdır. Əks halda, bu cür hadisələr təkrarlanacaq və bir gün “sadə soba problemi” məktəb faciəsinə çevriləcək”.
Tehsil-press.az