İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri Siyəzəndə təşkil edilib

İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri Siyəzəndə təşkil edilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) müəssisənin təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə yüksək intellektli və savadlı gəncləri Aİİ-yə cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli tədbirlərini davam etdirir.

İnstitutdan bildirilib ki, növbəti tədbir Siyəzən rayonunda keçirilib. Siyəzən Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov tədbir iştirakçılarına Aİİ haqqında ümumi məlumat verib.

Siyəzən Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov dini sahədə yüksəkixtisaslı kadrlara böyük ehtiyac olduğunu qeyd edib. O, keyfiyyətli təhsilin insan həyatında oynadığı vacib rolu vurğulayıb, ölkəmizdə yeganə ali dini təhsil müəssisəsi olan Aİİ-nin fəaliyyətinə diqqət çəkib.

DQİDK-nin Quba–Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasıyev ölkəmizdə mövcud multikultural mühitdən bəhs edib, müxtəlif etnik qrupların ölkəmizdə dinc yanaşı yaşadığını diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunması, eyni zamanda, dini sahədə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə təsis olunmuş Azərbaycan İlahiyyat İnstitutunda gənclərimizin uğurlu təhsil almaları üçün lazımi şəraitin yaradıldığını vurğulayıb.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov qeyd edib ki, 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Aİİ-nin yaradılması ölkəmizdə gənclərin milli dəyərlərə bağlı, sağlam düşüncəli, yüksək mənəvi məfkurəyə malik olması istiqamətində atılan növbəti addımlardan biridir.

Prorektor M.Mürsəlov ali təhsil müəssisəsinin fəaliyyəti, qarşıya qoyulan hədəflər və Aİİ-nin məqsədləri barədə geniş məlumat verib. Bildirib ki, institutda bütün dinlər öz mənbəyi əsasında tədris olunur. Bu istiqamətdə, xüsusilə dinşünaslıq ixtisasında İslamla yanaşı, digər dinlər haqqında da kifayət qədər geniş məlumat verilir. O, bu məlumatların normativ deyil, deskriptiv yolla tədris olunduğunu vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstitutun tələbələrinə dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan bəhs edib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.

Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər