Mövzu ilə bağlı danışan siyasətçi Akif Nağı bildirib ki, artıq İranın mövqeyi aydındır:
"İran Ermənistanın yanındadır, Azərbaycana qarşı müəyyən mövqe qoymağa çalışırlar və Azərbaycanla münasibətlərin tənzimləməsində maraqlı deyillər. Özləri üçün təhlükə mənbəyi kimi baxırlar Bakıya. Hər halda Azərbaycanın gücü qarşısında hesablaşmağa məcburdular.
İran prezidenti Pezeşkianın Bakıya səfəri gözlənilir. İlk dəfədir ki, İrandan Azərbaycana belə geniş heyətlə rəsmi səfər olacaq. Məlumata görə, 120 nəfərlik bir heyətlə gələcəklər. Çünki İran özü də çətin durumdadır və bu vəziyyətdən çıxmaq üçün Azərbaycana ehtiyacı var. Ona görə düşünürəm ki, İranla Azərbaycan arasında hər hansı qarşıdurma mümkün deyil, bu, hər iki tərəfin maraqlarına ziddir.
Ermənistan tərəfindən hansısa bir təxribat törədilə bilər - burada məqsəd Ermənistan daxilində revanşistlərə göstəriş etmək olacaq. Yaxud başqa dövlətlərin təkidi ilə Paşinyan belə bir qarşıdurmaya gedə bilər".
Siyasətçi həmçinin qeyd edib ki, Ermənistan sözdə sülh tərəfdarı olsa da, real addımlara gələndə, sazişi imzalamayacaq:
"Ermənistan özünü sülh göyərçini kimi göstərməyə çalışır, Paşinyan daxildə özünü demokrat kimi göstərməyə, sülhdə maraqlı olduğunu göstərməyə çalışır. Əslində erməni cəmiyyəti də, onun rəhbərləri də sülh sazişi bağlamaq fikrində deyil.
Çünki bu halda özlərinin məğlubiyyətlərini təsdiq etmiş olacaqlar, yəni tam kapitulyasiya olar. Lakin proses gedir, Azərbaycan geri çəkilmir. Qazaxda üç kəndin və Naxçıvanda Kərki kəndinin qaytarılması prosesi də var. Belə görünür ki, Paşinyan erməni cəmiyyətini bu addıma hazırlayır. Lakin nə vaxt olacaq, bəlli deyil".
Məsələ ilə bağlı saytımıza danışan politoloq Sultan Zahidov isə bildirdi ki, İran Zəngəzur dəhlizinə qarşıdır və dəfələrlə bu dəhlizin onların qırmızı xətti olduğunu deyiblər:
"Aydırdır ki, onlar Zəngəzur dəhlizinin açılmasına İranın strateji dəyərinin azalması kimi baxırlar. Yəni həm Azərbaycanın, həm də Ermənistanın İrandan asılılığı bitəcək. Bu, türk dünyasının şimalda güclənməsi deməkdir ki, İran bunu təhdid kimi görür. Çünki Türkiyə və Azərbaycan bu dəhlizdən istifadə edəcək, inteqrasiya daha da güclənəcək, həmçinin Türkiyənin Mərkəzi Asiyaya çıxışı sürətlənəcək.
İranın Azərbaycanla birbaşa hərbi qarşıdurmaya girəcəyinə inanmıram. Çünki onsuzda İran dünyadan təcrid olunmuş vəziyyətdədir, ABŞ və İsraillə ciddi problemləri mövcuddur, Yaxın və Orta Şərqdə qüvvələri xeyli zəifləyib. İkincisi də, Azərbaycanın çəkindirici gücü var - həm İranda yaşayan milyonlarla azərbaycanlı, həm də Türkiyə faktoru. Azərbaycanla Türkiyə arasında imzalanan bəyannamə var, bu sənədə görə, tərəflərdən birinə hücum etmək, hər ikisinə hücum etməyə bərabərdir".
Cavidan Mirzəzadə
Tehsil-press.az