
Məruzəçi Azərbaycanla Türkiyə arasında münasibətlərin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi xidmətlərindən bəhs edib. Vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin məhək daşıdır: “İki dövlət arasındakı qardaşlıq münasibətləri Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə hazırda ən yüksək zirvəyə çatıb”.
Məruzədə dost və qardaş ölkələrin münasibətlərinə dair informasiya resursları xronoloji əsasda təqdim edilib, bu istiqamətdə formalaşan sənəd-informasiya axını tarixi kontekstdə izlənilib. İki ölkə arasındakı münasibətlərə dair sənəd-informasiya resurslarının təsnifatı aparılıb, mövzuya dair sənəd fondları və biblioqrafik resurslar tədqiq olunub, onların informasiya mənbəyi kimi əhəmiyyəti diqqətə çatdırılıb.
Araşdırmada Qars müqaviləsi və Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında mühüm mərhələ hesab olunan Şuşa Bəyannaməsi xüsusi öyrənilib. Qars müqaviləsinin Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rol oynadığı bildirilib. Ümummilli Lider Heydər Əliyevin Qars müqaviləsinə yüksək dəyər verdiyini bildirən gənc tədqiqatçı Ulu Öndərin bu barədə fikirlərini diqqətə çatdırıb: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Tədqiqatda Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında paralellər aparılıb, Şuşa Bəyannaməsinin 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmış ölkəmizin diplomatik cəbhədə mövqelərini daha da gücləndirdiyi vurğulanıb. Şuşa Bəyannaməsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, dinamikası kompleks təhlil olunub. Mövzu üzrə çap olunan kitablar, məqalələr haqqında məlumatlar diqqətə çatdırılıb.
Elmi seminar müzakirələrlə davam edib.
Tehsil-press.az