BDU-da Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili aparılıb

BDU-da Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili aparılıb Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili” mövzusunda elmi seminar olub.
Seminarda Biblioqrafiyaşünaslıq kafedrasının magistrantı Lamiyə Əliyeva mövzu üzrə məruzə edib. Məruzəçi Qars müqaviləsinin tarixi, ictimai-siyasi əhəmiyyəti və nəticələri barədə məlumat verib, sənədin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rol oynadığını vurğulayıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qars müqaviləsinə böyük dəyər verdiyini bildirən L.Əliyeva Ulu Öndərin bu barədə fikirlərini diqqətə çatdırıb: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
L.Əliyeva, həmçinin Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında paralellər aparıb. O, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qars müqaviləsinə əsaslanaraq imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini vurğulayıb.
Məruzədə Qars müqaviləsinə dair sənəd resurslarının əhatəli şəkildə biblioqrafik təhlili aparılıb. Qeyd olunub ki, tarixi sənədə dair ilkin mənbə müqavilənin tam mətni hesab olunur. 20 maddə və 3 əlavədən ibarət müqavilə mətninin nüsxələrindən biri Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılır. Məruzədə Qars müqaviləsi haqqında ölkəmizdə və xaricdə mövcud olan sənəd resurslarının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks təhlil olunub, mövzunun informasiya təminatının təkmilləşdirilməsi ilə bağlı səmərəli təkliflər irəli sürülüb.

Tehsil-press.az


Oxşar xəbərlər