BDU Özbəkistanın Buxara Dövlət Universiteti ilə əlaqələri genişləndirir

BDU Özbəkistanın Buxara Dövlət Universiteti ilə əlaqələri genişləndirir Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Buxara Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Buxara Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Şahabbas Şərəfiddinov, İqtisadiyyat və turizm fakültəsinin dekanı Nutfillo İbrahimov iştirak ediblər.

Qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, tədqiqat universitetinə çevrilməkdə olan BDU dünyanın nüfuzlu reytinq agentliklərinin cədvəllərində əhəmiyyətli irəliləyişlərə nail olub. Bunda beynəlxalq əlaqələrin və birgə əməkdaşlıqların da böyük rolu var. BDU son illər Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri ilə də əməkdaşlıq müqavilələri imzalayır, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirir. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.

Qonaqlar təmsil etdikləri universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıblar. Azərbaycanın ən köklü və qədim Universiteti olan BDU ilə əlaqələrin inkişaf edəcəyinə inamlarını ifadə ediblər.

Görüş zamanı birgə elmi konfransların təşkili, elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi kimi məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər