BDU Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq əlaqələri qurur

BDU Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq əlaqələri qurur Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev imzalayıblar.
İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin uğurla davam etdiyini bildirib. O, türkdilli dövlətlərin daha da sıx birləşməsində elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rola malik olduğunu vurğulayıb.
Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini deyib.
Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini ifadə edib. O, həmçinin BDU ilə ikili diplom proqramı imzalamaq arzusunda olduğunu bildirib.
Əməkdaşlıq müqaviləsində akademik və inzibati kadrların, tələbə, magistrant və doktorantların qarşılıqlı mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, birgə layihələrin hazırlanması nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər