
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin Fəaliyyət Planına uyğun olaraq tanınmış məzunlarla daim görüşlərin keçirildiyini və bunun tələbələrin inkişafında, karyera quruculuğunda mühüm rol oynadığını bildirib: “BDU fəaliyyət göstərdiyi 106 il ərzində zəngin tarixi yol keçib və xalqımızın maariflənməsinə, milli düşüncənin inkişafına, yüksəkixtisaslı kadrların yetişməsinə əvəzsiz töhfələr verib. Bu günə qədər BDU-nun 200 mindən çox məzunu olub. BDU-nun dünya şöhrətli məzunu Ümummilli Lider Heydər Əliyevdir. Hər bir universitetin ən böyük dəyəri onun məzunları, alimləri və tələbələridir. BDU öz məzunları ilə fəxr edir”.
Əliş Ağamirzəyev qeyd edib ki, BDU-nun uğurlu məzunu olan Rövşən Məmmədov da aparıcılıqdan, müxbirlikdən Azərbaycanın dövlət televiziyasının rəhbəri vəzifəsinə qədər pillə-pillə yüksəlib, şərəfli yol keçib. Onun fəaliyyəti indiki tələbələr üçün nümunədir.
Sonra söz Rövşən Məmmədova verilib. O, tələbələrə peşəkar jurnalist olmaq, karyerada uğur qazanmaq üçün tələb olunan keyfiyyətlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, yaxşı jurnalist olmaq üçün daim öz üzərində işləmək, zəngin mütaliəyə sahib olmaq lazımdır: “İctimai fikri formalaşdıran jurnalistlərimiz dilimizi ən mükəmməl səviyyədə bilməlidir. Müasir dövr həm də əlavə xarici dil bilikəri tələb edir. Hazırda media məkanı qloballaşıb və yalnız millilik kifayət etmir. Beynəlmiləlləşmək və xarici aləmə inteqrasiya etmək lazımdır. Buna görə də gənc jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür”.
Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az