Bu barədə Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.
“2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır. İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır”, - Prezident bildirib.
Dövlət başçımızın çıxışı Ermənistanda geniş rezonans doğurub. Erməni mediası Prezidentin Qərbi Azərbaycanla bağlı fikirlərini manşetlərdən dərc edib. Ermənistanda anlayırlar ki, torpaqlarını işğaldan azad edən Azərbaycan, İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana ləyaqətli qayıdışa da nail olacaq. Ortaya çıxan nəticə budur ki, Azərbaycan üçün Qərbi Azərbaycandan didərgin salınanların öz yurdlarına qaytarılması, onların ləyaqətli qayıdışının təmin olunması prioritet olaraq qalır və hətta sülh müqaviləsinin imzalanması belə, bu, prinsipial qərarı əngəlləyə bilməz. Vaxtilə Milli Lider Heydər Əliyevin də bununla bağlı çıxışları, nikbin mövqeləri olub. Göyçəlilərin, digər tarixi torpaqlarımızdan didərgin salınanların öz yurdlarına qayıdacağını hətta Qarabağ işğalda olduğu illərdə belə, inamla bəyan edib. Mərhum Prezidentin Qərbi Azərbaycanlılar qarşısında çıxış edərkən qətiyyətli şəkildə və həm də kövrək notlarla dediyi bu sözləri bir daha xatırladaq: “Dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey olduğu kimi qalmır. Mən inanıram, mən tam inanıram ki, hər şey bu bölgədə ədalət naminə dəyişəcək. Azərbaycan xalqının əzab-əziyyəti onun xeyrinə dəyişəcək və mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz, ata-babalarınızın qəbirlərini də görəcəksiniz!” Heydər Əliyev Qarabağla bağlı da eyni inamla danışırdı və Müzəffər Ali Baş Komandan İlham Əliyev bu inamı doğrultdu. Prezident İlham Əliyev də hər zaman Qərbi Azərbaycanla bağlı məsələyə önəm verir, xalqımızı birləşdirən ümummilli ideyalardan biri olaraq bu mövzunu prioritet olaraq təqdim edir.
Qərbi Azərbaycana Qayıdış Birliyinin ofisində keçirdiyi görüşdə də Prezident Qərbi Azərbaycandan didərgin salınanların öz yurdlarına qayıdacaqlarını əminliklə bildirib. Prezidentin tapşırığına uyğun şəkildə zəruri addımlar atılır, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasındna irəli gələn tələblər icra olunur. Məsələnin beynəlxalq müstəviyə çıxarılması da rəsmi Bakının tarixi uğurudur.
Yeri gəlmişkən, dövlət başçısı illər öncə Naxçıvanda olarkən babasının və digər doğmalarının məzarlarını ziyarət etmişdi. O yerli telekanallara müsahibəsində ürəyində hansı arzu tutduğunu açıqlamasa da, bunun Qərbi Azərbaycanla bağlı olduğu heç kəsdə şübhə doğurmamışdı. Şuşa və digər işğal altında olan ərazilərin azad olunmasından sonra “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”, deyən Prezidentin heç şübhəsiz ki, Göyçə-Zəngəzur və digər tarixi ərazilərimizdən qovulan insanlarımızın ləyaqətli qayıdışının təmin olunması ilə bağlı zamanında dilə gətirilmiş arzuya əməl etmək istəyi var, bu barədə dəfələrlə qətiyyətli mövqe ifadə olunub. Prezident deyib ki, biz sülh tərəfdarıyıq və Qərbi Zəngəzura tanklarla deyil, avtomobillərlə gedəcəyik. Bu, həm də yüz minlərlə, milyonlarla insanımızın arzusudur. Bu günlər Qərbi Azərbaycandan sonuncu 300 min nəfər azərbaycanlının deportasiya olunmasının 36-cı ildönümüdür və bu bəyanatlar səbəbsiz deyil. Tarixi ədalət bərpa olunmalıdır!
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərov jurnalistlərə açıqlamasında deyib ki, bu konfranslarda əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış hüququnu beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Bildiyiniz kimi, soydaşlarımız 37 il əvvəl sonuncu deportasiya zamanı tarixi yurdlarından - Qərbi Azərbaycan torpaqlarından qovulublar. Bu müddət ərzində Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli zərər görüb. Apardığımız monitorinqlər göstərir ki, min illər boyu yaradılmış mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb”. (AZƏRTAC) İcma rəhbəri bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesində irəliləyişlər var: “Avqustun 8-də Vaşinqton görüşləri zamanı sazişin paraflanması prosesi həyata keçirilib. Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpası məsələsinin gündəmə gətirilməsi vacibdir və bugünkü konfransın mövzusu da məhz budur. Heç şübhəsiz, bu konfransların, xüsusilə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirlərin ən böyük əhəmiyyəti odur ki, dünya ictimaiyyəti regiondakı həqiqətləri, Qərbi Azərbaycanda gedən prosesləri və Azərbaycan mədəni irsinin vəziyyətini dolğun şəkildə öyrənsin. Ümid edirik ki, Ermənistan tərəfi də bu həqiqətləri nəzərə alacaq”.
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirdi ki, Qərbi Azərbaycana qayıdış qarşısıalınmaz prosesdir və artıq o gedir: “Bəziləri elə fikirləşirlər ki, bu proses guya Qarabağdan gedən haylarla bağlıdır, yəni əvvəl onların “status” xülyalarının, indi isə geri dönmələrinin qarşısını almaq üçün başladıb. Belə bir təəssüratın niyə yarandığı anlaşılandır. Bəli, hay havadarı kimi çıxış edən çevrələrin “xilas üçün ayrılıq” adı altında Qarabağı kosovolaşdırmaq planınının - “status”un ardınca hara lazımdır, ora göndərilməsində, Qərbi Azərbaycan İcmasının dədə-baba yurdlarına qayıtmaq istəkləri də az rol oynamadı. Amma bütün hallarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, Ermənistandan deportasiya olunanlar öz doğma yurdlarına qayıtmalıdırlar və qayıdacaqlar”. S.Alıyev bunu zəruri edən amilləri ardıcıllıqla sıraladı: “İlk növbədə ona görə ki, bugünkü (5 dekabr-red.) beynəlxalq konfransda edilən çıxışlarda da vurğulandığı kimi, bu, beynəlxalq humanitar hüququn tələbidir, Qarabağ haylarından fərqli olaraq, azərbaycanlılar Ermənistanı özləri tərk etməyiblər, dörd halın dördündə deportasiya olunublar. İkincisi, onlar haradansa Ermənistana gəlməyiblər, oranın aborigen xalqıdırlar. Üçüncüsü, Qarabağdakı haylardan fərqli olaraq silahlı mübarizəni, terrorçuluq hərəkətini qoyuram bir qırağa onlar heç zaman separatçı tələblər də səsləndirməyibər. Elə isə Ermənistan rəhbərliyi hansı məntiqə, yaxud beynəlxalq normaya dayanaraq Qərbi Azərbaycan icmasının öz dədə-baba yurdlarına dönüş istəyini torpaq iddiası və təhlükəsiklərinə təhdid kimi qiymətləndirir, anlamaq olmur”. Deputat qeyd etdi ki, amma onların necə qiymətləndirmələrindən asılı olmayaraq, Qərbi Azərbaycan İcması öz məqsədinə çatacaq: “Ermənistandan deportasiya olunanlar yurdlarına dönəcəklər və özləri ilə ora quruculuq, dövlətçilik ənənəsi, sülh aparacaqlar!”
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov da hesab edir ki, Qərbi Azərbaycan məsələsi artıq sırf tarixi yaddaş və humanitar diskurs çərçivəsindən çıxaraq real siyasi gündəliyin mərkəzi mövzularından birinə çevrilib: “Prezident İlham Əliyevin son müraciətində bu məsələnin bir daha qətiyyətlə vurğulanması, eyni zamanda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi layihəsinin paraflanması fonunda verilməsi rəsmi Bakının strateji niyyətlərini açıq şəkildə ortaya qoyur. Mesaj aydındır: sülh prosesinin irəliləməsi Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun arxa plana keçirilməsi anlamına gəlmir və gəlməyəcək. Rəsmi İrəvan üçün əsas sual da məhz budur: Ermənistan bu məsələni sülh prosesinin ayrılmaz tərkib hissəsi kimi qəbul edəcəkmi, yoxsa yenə də ənənəvi olaraq vaxt udmaq, mövzunu siyasiləşdirmək və Qərbin dəstəyinə arxalanaraq məsuliyyətdən yayınmaq yolunu tutacaq. Ermənistanın indiyə qədərki davranışları göstərir ki, İrəvan bu cür həssas məsələlərdə konstruktiv mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Xüsusən də Qərbi Azərbaycan mövzusu Ermənistan cəmiyyətində ciddi psixoloji və siyasi müqavimət doğurur, çünki bu məsələ monoetnik dövlətçilik mifinin dağılması anlamına gəlir. Azərbaycan tərəfi məsələni açıq şəkildə hüquqi müstəviyə çıxarıb. Qayıdış bir revanşizm aktı deyil, beynəlxalq hüquqa söykənən fundamental insan haqqıdır. Bu yanaşma rəsmi Bakının ritorikasında getdikcə daha sistemli şəkildə özünü göstərir”. STM əməkdaşı qeyd etdi ki, Prezidentin “tanklarla deyil, avtomobillərlə qayıdış” bəyanatı da həm regional ictimaiyyətə, həm də beynəlxalq vasitəçilərə ünvanlanmış strateji mesajdır: “Burada məqsəd Ermənistanı qorxutmaq deyil, onu yeni regional reallıqlara uyğun davranmağa məcbur etməkdir. Vaxtilə ulu öndərimiz Heydər Əliyevin Qarabağ işğal altında olarkən belə, Qərbi azərbaycanlıların geri dönəcəyi haqqında inamla danışması bu məsələnin Azərbaycan dövlətçilik düşüncəsində uzunmüddətli strateji hədəf olduğunu sübut edir. İlham Əliyevin isə bu xətti artıq konkret siyasi trayektoriyaya çevirdiyi inkaredilməzdir. Qarabağ məsələsində yaradılan presedent göstərdi ki, illərlə “mümkün deyil” deyilən proseslər real dövlət iradəsi fonunda reallaşa bilər. Ermənistan üçün situasiya daha mürəkkəbdir. Bir tərəfdən Paşinyan hakimiyyəti regionda uzunmüddətli sabitliyin yalnız Azərbaycan və Türkiyə ilə normallaşma yolu ilə mümkün olduğunu anlayır. Digər tərəfdən isə daxili siyasi müxalifət, radikal millətçi dairələr və diaspor mərkəzləri onu sıxır. Qərbi azərbaycanlıların qayıdışı mövzusu isə bu qüvvələr üçün xüsusi “qırmızı xətt” sayılır”. T.İsmayılov bütün bunlarla yanaşı, bildirdi ki, Ermənistanın manevr imkanları əvvəlki illərlə müqayisədə xeyli daralıb: “Rusiya faktorunun zəifləməsi, Qərbin bölgəyə artan marağı və Azərbaycanın möhkəmlənən diplomatik mövqeləri İrəvanın klassik “siyasəti”ni demək olar ki, iflic vəziyyətinə salıb. ABŞ vasitəçiliyi ilə imzalanmış Birgə Bəyannamə Ermənistan üçün bir növ siyasi öhdəlik sənədinə çevrilib və rəsmi İrəvan artıq prosesdən kənara çıxa biləcək qədər sərbəst deyil. Bu mənada “ev tapşırığı” ifadəsi siyasi metafora olmaqla yanaşı, Ermənistanın qarşısında konkret seçim qoyur: ya bölgədə davamlı sülh və iqtisadi inteqrasiya xəttini seçmək, ya da yeni geosiyasi təcrid riskləri ilə üz-üzə qalmaq. Qərbi Azərbaycan məsələsinin gündəmdə qalması, beynəlxalq platformalara çıxarılması və humanitar əsaslarla təqdim olunması Ermənistan üzərində təzyiq alətlərini getdikcə daha da gücləndirir. Nəticə etibarilə demək olar ki, rəsmi İrəvanın bu “ev tapşırığı”ndan yayınmaq imkanları getdikcə azalır. Sual artıq “edəcəkmi” yox, “nə vaxt və hansı şərtlərlə edəcək” müstəvisinə keçir. Azərbaycanın ortaya qoyduğu siyasi iradə, hüquqi əsaslandırma və diplomatik aktivlik göstərir ki, Qərbi Azərbaycana qayıdış məsələsi geridönməz mərhələyə qədəm qoyub. Ermənistan bu reallıqla gec-tez barışmalı olacaq. Əks halda, regionda formalaşan yeni siyasi arxitektura onu proseslərin kənarında, müşahidəçi vəziyyətində saxlaya bilər”.
Tehsil-press.az







