Çin Xalq Respublikasının Azərbaycandakı yeni səfiri xanim Lu Mey BDU-da olub

Çin Xalq Respublikasının Azərbaycandakı yeni səfiri xanim Lu Mey BDU-da olub Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey Bakı Dövlət Universitetində (BDU) olub.

Səfir Lu Mey BDU-nun rektoru Elçin Babayevlə görüşüb. Rektor Universitetin tarixi, beynəlxalq əlaqələri, xüsusilə də Çin ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığı haqqında məlumat verib. O, iki ölkə arasında dostluq münasibətlərinin elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb, BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun bu əməkdaşlıqda xüsusi rol oynadığını qeyd edib.

Görüş zamanı Çin universitetləri ilə tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, Çin dili və mədəniyyətinin tədrisi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Rektor Elçin Babayev Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.

Səfir Lu Mey səmimi qəbula görə təşəkkür edib, Azərbaycan ilə Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təhsil və elm sahəsində əməkdaşlığın mühüm töhfə verdiyini qeyd edib. O, Çin tərəfinin də bu istiqamətdə əməkdaşlığa dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına həyata keçirdiyi dövlət səfərinə də toxunulub. Qeyd edilib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin (Xi Jinping) ilə keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edib. Bu səfər çərçivəsində elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu kontekstdə ali təhsil müəssisələrinin əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Çin Xalq Respublikasının Azərbaycandakı yeni səfiri xanim Lu Mey BDU-da olub


Tehsil-press.az

Oxşar xəbərlər