BDU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

BDU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qonaqları salamlayan və universitetdə görməkdən məmnunluğunu bildirən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. İki ölkə arasında diplomatik əlaqələrin yaranmasından sonra münasibətlərimizin yeni mərhələsinin başlandığını bildirən F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfərinin və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin genişlənməsində böyük rolundan danışıb.
Bakı Dövlət Universiteti haqqında məlumat verən F.Qurbanov onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri, o cümlədən Çinin tanınmış ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrini vurğulayıb. 2004-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisasını bitirən məzunların əksəriyyətinin Çinin müxtəlif universitetlərində təcrübə keçdiyini, təhsillərini magistratura və doktorantura pillələrində davam etdirdiklərini diqqətə çatdırıb. F.Qurbanov BDU-nun nəzdində yaradılan Konfutsi İnstitutunun uğurlu fəaliyyət göstərdiyini, institut əməkdaşlarının Şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris etməklə yüksəkxtisaslı kadrların hazırlanmasındakı fəal rolunu qeyd edərək, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini yüksək dəyərləndirib.
BDU ilə Çin Xalq Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom proqramı, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua səmimi qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən səfir, ali təhsil müəssisələrimizin ikitərəfli əlaqələrindən razılığını ifadə edib. Bakı Dövlət Universitetinin Azərbaycanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsi olduğunu vurğulayaraq Çinin bir neçə tanınmış ali təhsil ocaqları ilə səmərəli əlaqələr qurduğunu, eyni zamanda, BDU-da fəaliyyət göstətən Konfutsi İnstitutunun, Çin dili və ədəbiyyatının tədrisinin uğurlu nəticələrini qeyd edən səfir, universitetlərarası müəllim-tələbə mübadiləsini, ikili diplom proqramını və mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab edərək gələcək əməkdaşlığa dəstək olacaqlarını bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 25 fevral 2019-cu il


BDU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Oxşar xəbərlər