“Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib

“Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd kənd təsərrüfatı sektorunda 2024-cü ildə icra edilən satınalmalar, cari ildəki vəziyyət və perspektivlər barədə məlumatları satınalan təşkilatlar və təchizatçılarla bölüşmək, cari ildə keçirilən və qarşıda keçirilməsi nəzərdə tutulan satınalmaların predmentləri, metodları barədə məlumat vermək olub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, sahibkarlar və təchizatçılar iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, satınalma yalnız məhsul və xidmətlərin əldə olunması prosesi deyil, eyni zamanda ictimai resursların düzgün idarə olunması, şəffaflıq və ədalətin təmin edilməsi, fermerlərin və sahibkarların dövlətə olan etimadının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Satınalma sisteminin rəqəmsallaşdırılması, ictimai iştirakın genişləndirilməsi və institusional nəzarət mexanizmlərinin gücləndirilməsi nazirliyə və cəmiyyətə şəffaf, hesabatlı və ədalətli idarəetmə mühitini təmin etməyə imkan verir. Bu, təkcə fermerlərin deyil, bütövlükdə kənd təsərrüfatı sektorunun inam və dayanıqlığını artırır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov qeyd edib ki, dövlət satınalmaları ictimai dəyər yaradan mühüm vasitədir: “Satınalma sahəsində rəqabətli və şəffaf yanaşmaya əsaslanan sistemin qurulması bizim üçün prioritetdir. Dövlət satınalmalarının rəqəmsallaşdırılması və “etender.gov.az” portalı üzərindən həyata keçirilməsi bu sahədə əlçatanlığın və iştirakçılığın əhəmiyyətli dərəcədə artırılmasına xidmət edir. Səmərəli və dürüst satınalma prosesi dövlət-özəl münasibətlərinin möhkəmlənməsinə, eyni zamanda dövlətin dayanıqlı inkişafına töhfə verir”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə qeyd edib ki, dövlət satınalmaları kənd təsərrüfatı bazarlarına strateji müdaxilə vasitəsi kimi çıxış edərək, həm təklif, həm də tələbin balanslaşdırılmasına şərait yaradır. Bu müdaxilə, xüsusilə bazarda qeyri-sabitlik müşahidə olunduğu dövrlərdə iqtisadi sabitliyin qorunmasına kömək edir.

Tədbir seminar və sual-cavab sessiyası ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər