BDU-da Karyera Festivalının açılış mərasimi  

BDU-da Karyera Festivalının açılış mərasimi   Bakı Dövlət Universiteti (BDU), Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Karyera Festivalının açılış mərasimi keçirilib.

Festivalda ölkəmizin 100-dən çox nüfuzlu işəgötürəni BDU-nun tələbə və məzunlarına 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev öncə Festivalın keçirilməsində göstərilən dəstəyə görə Dövlət Məşğulluq Agentliyinə, işəgötürənlərə təşəkkürünü bildirib, tələbə və məzunlara uğurlar arzulayıb. O qeyd edib ki, BDU-da artıq neçə ildir keçirilən Karyera Festivalının məqsədi tələbə və məzunları ölkənin aparıcı təşkilat və şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək, savadlı, bacarıqlı və təcrübəli gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləməkdir. “Açıq qapı” formatında təşkil edilən festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran vətəndaşlar da iştirak edirlər. Festivalda iştirak edən 100-dən çox aparıcı dövlət qurumu, özəl şirkət və müəssisə öz fəaliyyət istiqamətləri, mövcud vakansiyaları, təqaüd və təcrübə proqramları haqqında ətraflı məlumat təqdim edirlər. Festival çərçivəsində iştirakçılar işəgötürənlərlə tanış olmaq, vakansiyalara müraciət etmək, CV təqdim etmək və müsahibə simulyasiyalarında iştirak etmək imkanına sahib olacaqlar. Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində “workshop”, təlim və seminarlar keçiriləcək, simulyasiya və startap guşələri təşkil ediləcək. Əminik ki, festival əmək bazarında yeni əməkdaşlıq körpüləri yaradacaq və gənclərin iş həyatı üçün uğurlu bir başlanğıc olacaq”.

Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ülvi Abbasquliyev bildirib ki, Karyera Festivalı məzunların məşğulluğu, işlə təmin olunması baxımından ən önəmli alətlərdən biridir. Bu zaman işaxtaranlarla işəgötürənlər canlı ünsiyyət qurur. Tələbələr və universitetlərlə olan işbirliyi güclənir, işəgötürənlər yeni kadr potensialı əldə edir: “Son illərdə əmək bazarında bir sıra peşə və ixtisaslar öz əhəmiyyətini itirib, əvəzində müasir çağırışlara cavab verən yeni ixtisaslar yaranıb. Bu baxımdan universitetlər və tələbələr müasir çağırışlara hazır olmalı, texnologiyanın inkişafını nəzərə almalıdırlar. İnanıram ki, bu Karyera Festivalında əmək müqavilələri bağlayan yüzlərlə məzun olacaq”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli Bakı Dövlət Universitetinin ölkənin ən qədim, qabaqcıl təhsil ocağı olduğunu deyib. O bildirib ki, ölkədə təhsilin, elmin, innovasiyanın inkişafında mühüm rolu olan BDU-nun tələbə və məzunu olmaq qürurvericidir. O, tələbə və məzunları aktiv olmağa, onlar üçün yaradılan şəraitdən yararlanmağa səsləyib.

“LU-MUN Holdinq”in İdarə Heyətinin sədri Emil Məmmədsadıxov, “AZERA Holdinq” MMC-nin direktoru Akif Əliyev çıxışlarında BDU ilə uğurlu əməkdaşlıq qurduqlarını bildirib, festivalda iştirak edən tələbə və məzunlara uğurlar arzulayıblar.

Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.Qeyd edək ki, festival çərçivəsində 6 bölmədə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop", təlim və seminarlar keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər