Bakı Dövlət Universitetində Karyera sərgisi

Bakı Dövlət Universitetində Karyera sərgisi Bakı Dövlət Universitetində (BDU) Karyera sərgisi keçirilib. Sərgidə Azərbaycanda fəaliyyət göstərən 50-dək dövlət və özəl şirkət iştirak edib.
Açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev sərginin əhəmiyyətindən danışıb, onun gənclərin əmək bazarına inteqrasiyasında mühüm rolunu vurğulayıb.
Prorektor bildirib ki, sərginin təşkilində əsas məqsəd əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına kömək etməkdir.
“BDU ölkəmizin ən çox kadr hazırlayan universitetidir. Sərgi həm iştirakçı şirkətlər, həm BDU, həm də tələbələr üçün faydalı olacaq. Çünki belə sərgilər əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu müəyyənləşdirməyə imkan yaradır. Tələbələri bu fürsətdən yararlanmağa çağırıram. Gənclərin məşğulluğunun təmin edilməsi universitet üçün prioritet məsələdir və bu istiqamətdə layihələr davamlı olacaq”,- deyə Ə.Ağamirzəyev qeyd edib.
Prorektor, eyni zamanda, iştirakçılara uğurlar arzulayıb.
Sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.
Sərgi çərçivəsində tələbələrin şəxsi inkişafı istiqamətində dinləmələr də təşkil edilib. Dinləmələr modullar formasında həyata keçirilib. Birinci modul “Effektiv CV hazırlığı (DMA)”, ikinci modul isə “Karyeranı necə düzgün planlayım? (DMA)” mövzularına həsr olunub.

Tehsil-press.az

Oxşar xəbərlər