Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, 107 il bundan əvvəl, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi. Fəaliyyət göstərdiyi cəmi iyirmi üç ay ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi: “Xalq Cümhuriyyəti parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə həm də müsəlman Şərqində ilk Avropa tipli universitet – Bakı Dövlət Universiteti yaradılıb. Bakı Dövlət Universitetinin təsis olunması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısındakı çox mühüm tarixi xidmətidir. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir”.
Rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib. Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucadılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir: "2020-ci ildə Vətən müharibəsində şanlı qələbəmizin ən başlıca səbəbi müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Xalqımız uzun illərdən sonra artıq beşinci ildir ki, 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri Anar İsgəndərov “Müsəlman Şərqində ilk Cümhuriyyət” mövzusunda məruzə edib. O, BDU-nun Xalq Cümhuriyyətinin ən böyük yadigarlarından biri olduğunu vurlayıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə 350 ilkə imza atıb. Bu ilklər sonralar 70 illik sovet əsarəti dövründə də azərbaycanlıların milli dəyərlərinin və milli kimliklərinin qorunmasına xidmət edib: “Məhz həmin dövrdə “Azərbaycan” adı coğrafi statusla yanaşı, müsəlman Şərqində ilk dəfə yaranan demokratik respublikanın rəsmi adına çevrildi, Azərbaycan dili dövlət dili olaraq təsbit edildi və bütün rəsmi-işgüzar işlər də daxil olmaqla hər şey bu dildə aparıldı. İstiqlal bəyannaməsinin qəbul edilməsindən sonra orada təsbit edilən ilk parlament fəaliyyətə başladı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün ilk nizami milli ordu yaradıldı, müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verildi. Bunun kimi digər ilklər müstəqilliyimizin de-fakto tanınmasına səbəb oldu”.
Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Mehriban Vəliyeva, Elnarə Akimova, Elçin Mirzəbəyli, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Əlövsət Allahverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil, suveren, bütöv və qalib Azərbaycanın dövlətçilik əsasları, milli prioritetləri barədə danışıblar. Çıxışlarda müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirdiyi və yeni çalarlarla daha da zənginləşdirdiyi qeyd edilib.
Konfrans bədii hissə ilə davam edib.
Tehsil-press.az