Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir

Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan və əhəmiyyətindən, həmin dövrdə əldə edilən uğurlardan danışıb.
Müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin tarixi rolunu vurğulayan rektor Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən Hikmət Babaoğlu bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, böyük işlər gördüyünü qeyd edib.
Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Deputat demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkilinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirildiyini bildirib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov müasir Azərbaycan Respublikasının şərəfli tarixi yol keçən Cümhuriyyətin varisi olduğunu söyləyib, müstəqil ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edib.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər