
Sosial şəbəkələrdə, avtobusda, marketdə, hətta liftin içində belə bu narahatlıq səslənir. Artan tələbatla birlikdə bahalaşma da gözlənilirmi? Məsələyə aydınlıq gətirmək məqsədi ilə Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli ilə əlaqə saxladıq.
Akif Nəsirli açıqlamasında bildirib ki, bu yay Azərbaycan ailələri elektrik enerjisində yeni bir artımla qarşılaşmayacaq. Azərbaycanda kommunal xidmətlər adətən ilin əvvəlində bahalaşır. Bu ilin əvvəlində isə artıq bəzi sahələrdə artımlar olub. Hazırda inflyasiya təzyiqləri zəifləyir. Bu isə o deməkdir ki, elektrik enerjisinin qiymətinin dəyişməsi üçün real zəmin yoxdur.
Ekspertin fikrincə, elektrik enerjisinin əhaliyə satışında kommersiya maraqları üstünlük təşkil etmir. Çünki bu sahə hələ də dövlətin sosial proqramlar paketinə daxildir. Yəni, dövlət bu xidməti güzəştli şəkildə təqdim edir və qiymət artımı yalnız Tarif Şurasının qərarı ilə həyata keçirilə bilər. Ən əsası isə – bu cür tənzimləmələr adətən ilin sonunda və ya yeni ilin əvvəlində baş verir. Yayda tələbat artsa belə, bu qiymətə təsir etmir.
“Əgər bazar iqtisadiyyatı tam tətbiq olunsaydı, enerji şirkətləri öz şərtlərini diktə edə bilərdi. Amma bu sistem bizdə mövcud deyil. Odur ki, havaların istiləşməsi və istehlakın artması qiymət artımına əsas vermir. Deməli, ən azından bu yay ailə büdcəsi üçün yeni bir elektrik şoku gözlənilmir. Amma istilərdən qorunmaq üçün yanan hər kondisioner və elektrik enerjisi üçün məsuliyyəti unutmaq olmaz. Əsas məsələ odur ki, israf etməyək və enerjini səmərəli istifadə edək", - deyə Akif Nəsirli qeyd edib.
Tehsil-press.az