
Dünya bəşər tarixinin ən qəddar virusu ilə üz-üzə

Yoluxmanın əlamətləri nədir?
“Ebola”ya yoluxmanın ilkin əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrəkdə nasazlıq və qaraciyərin fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar da baş verə bilər.
Bu virus necə yayılır?
“Ebola” virusu tər, qan, tüpürcək yoli ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, başağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
-“Ebola” virusu insanlara, əsasən qan və digər bədəndaxili mayelər, eləcə də həmin virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu virusun daşıyıcısı ola bilər;

-“Ebola” insandan insana qan və digər bədəndaxili mayelər və əlaqə yolu ilə keçir;
-Dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də “Ebola”ya yoluxmaq mümkündür;
-Xəstəliyin gizli dövrü 2-22 gündür;
-İnsanlar qanlarında və daxili əzalarında bu virusu daşıdıqları müddət ərzində infeksiya daşıyıcısı hesab olunurlar;
“Ebola”ya yoluxmamaq üçün nə etməli?
-Ferma və təsərrüfatların tez-tez təmizləmək və dezinfeksiya tədbirləri görmək;
-Heyvanlara yalnız əlcək və qoruyucu geyimlər geyindikdən sonra toxunmaq, ət məhsullarını yaxşıca qaynatdıqdan sonra yemək;
-Hər hansı heyvanın bu virusa yoluxduğu məlum olduqda dərhal ilkin təhlükəsizlik tədbirləri görmək, yoluxmuş heyvanları yaşayış yerlərindən təxliyyə etmək;
-“Ebola” ya yoluxmuş insanlarla ünsiyyətdən çəkinmək və zəruri hallarda qoruyucu geyimlərdən istifadə etmək;
-Viruslu xəstələrin müalicəsindən və ziyarətindən sonra əlləri yaxşıca yumaq;
-Virusa yoluxma halı hiss edilən kimi dərhal aidiyyəti hökumət qurumlarına bu barədə məlumat vermək;
-Virus qurbanlarını dərhal təhlükəsiz şəraitdə dəfn etmək və cəsədə birbaşa toxunmaqdan çəkinmək.

Bu infeksion xəstəliyin müalicəsi üçün hansı işlər görülür?
Hazırda bu virusa qarşı bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı eksperimental dərmanların istifadəsinə icazə verir.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili infeksiya yolu ilə maye daxil edilir. ABŞ-ın dərman şirkətlərindən biri tərəfindən istehsal olunan “Zmapp” vaksinləri artıq Qərbi Afrikaya göndərilib. Şirkət rəbərliyi dərmanlardan istifadənin pulsuz olduğunu bildirib.

Azərbaycanda “Ebola”ya qarşı görülən işlər
Səhiyyə Nazirlyi rəsmilərinin verdiyi məlumata görə, “Ebola” virusunun yaxın zamanlarda və hətta bir neçə il ərzində Azəraycana gəlməsi şansı sıfıra bərabərdir.Ölkəyə gətirilən bir çox qida məhsulları ilə bağlı mütəmadi olaraq laboratoriya analizləri aparılır. Sərhəd-keçid məntəqələrində insanlar ciddi nəzarətdən keçirilir.
Təhsil Nazirliyindən aldığımız məlumata görə, hazırda Afrika ölkələrində dövlət xətti və dövlət proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələr yoxdur. Azərbaycanın ali təhsil müəssisələrində isə 2013-2014-cü tədris ilində Afrikanın müxtəlif ölkələrindən 52 nəfər tələbə təhsil almışdır ki, onlardan 29 nəfəri bu virusun ən çox yayıldığı ölkələrdən sayılan Nigeriya vətəndaşı olmuşdur. Həmin 52 nəfərin yarısının bu il məzun olaraq öz vətənlərinə qayıdacağı gözlənilir. Şübhəsiz ki, virusun geniş yaıldığı ölkələrdən gələn digər vətəndaşlar kimi həmin tələbələr də sərhəd-keçid məntəqələrində ciddi nəzarətdən keçirirlər.
Tehsil-press.az