
Tədbiri giriş sözü ilə açan Füzuli rayon İcra Hakimiyyətinin başçısının müavini Alı Alıyev bildirib ki, ölkədə kənd təsərrüfatının bütün sahələri kimi taxılçılığın da inkişafına xüsusi diqqət yetirilir. Taxıl əkinləri subsidiyalaşdırılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri genişləndirilir, məhsuldarlığın artırılması, taxılçı fermerlərin gəlirlərinin artması üçün müvafiq tədbirlər görülür. Bu il Füzuli rayonunda 38 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir.
Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir. Taxılçılığın kənd təsərrüfatının ən aparıcı sahələrindən biri olduğunu deyən nazir müavini əlavə edib ki, digər sahələrdə olduğu kimi bu sahə də dövlət qayğısı ilə əhatə olunub. Dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları güzəştli şərtlərlə fermerlərə təqdim olunur. Nazir müavini Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr, taxıl biçininə hazırlıqla bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hər il olduğu kimi bu il də bölgələrdə taxıl biçini prosesinin mütəşəkkil təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilib.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov vurğulayıb ki, rəhbərlik etdiyi qurum tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib. Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Həmçinin, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır.
Hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçiriləcək. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək.
Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Tehsil-press.az