
İmtahanlarda qruplar üzrə ən yüksək bal toplayan abituriyentlərin siyahısını təqdim edir:
I ixtisas qrupu üzrə ən yüksək nəticə (400 bal) göstərənlərdən biri Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşfiq Aqil oğludur. O, hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək - 698.3 ballıq nəticə göstərən abituriyentdir. M.Əlili imtahanın birinci mərhələsində 298.3 bal toplayıb.
Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə 697.5 bal toplayıb. Abituriyent imtahanın birinci mərhələsində 297.5 ballıq nəticə göstərib.
Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Məmmədov Əbülhəsən Brilyant oğlu 696,7 bal toplayıb. O, imtahanın birinci mərhələsində 296.7 bal qazanıb.
DİM tərəfindən keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, bu il II və III qruplar üzrə 700 bal toplayan olmayıb. II qrup üzrə ən yüksək nəticə göstərən abituriyentlər bunlardır:
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.
Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı da II ixtisas qrupu üzrə yüksək nəticə göstərib - 677.9 bal. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu iki mərhələnin cəminə görə, 674 bal toplayıb. İmtahanın birinci mərhələsində isə 282.3 ballıq nəticə göstərib.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Ç.Hümmətli imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla qrupda ən yüksək nəticəni göstərən abituriyentdir.
Əli İbrahimov isə imtahanın birinci mərhələsində 290 bal toplamaqla ümumilikdə 690 balla ali məktəbi qazanıb.
397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı da yüksək nəticə göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplayıb.
IV ixtisas qrupu üzrə hər iki cəhdin nəticələrinə əsasən 9 nəfər maksimum nəticə göstərib. Onlardan bir neçəsinin adlarını təqdim edirik:
Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı və Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstəriblər.
Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu 692 balla birincilər sırasındadır. O, imtahanın birinci mərhələsində 292 bal toplayıb.
Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə 697.5 bal toplayıb. O, imtahanın birinci mərhələsində 297.5 ballıq nəticə əldə edib.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Tehsil-press.az