
Süni intellekt əsasında işləyən “STAR” adlı yeni sistem, uzun illər uşaq sahibi ola bilməyən cütlüklərə ümid olub. Məlumata görə, ABŞ-də yaşayan bir cütlük 18 il boyunca uşaq sahibi ola bilməyib. Kişidə sperma çatışmazlığı – azoospermiya diaqnozu qoyulub. Lakin “STAR”texnologiyası kişinin nümunəsində embrioloqların görə bilmədiyi azsaylı spermləri aşkar etməyə nail olub.
Süni intellekt vasitəsilə tapılan spermlər in vitro fertilizasiya (IVF) prosesində istifadə olunub və qadının hamilə qalmasına səbəb olub. Həkimlərin bildirdiyinə görə, “STAR” sistemi çoxsaylı mikroskopik şəkilləri analiz edərək ən nadir spermləri belə sürətlə müəyyənləşdirə bilir. Texnologiya, astrofizikada istifadə edilən ulduz müşahidəsi üsullarından ilhamlanaraq hazırlanıb. Mütəxəssislər bu yeniliyin sonsuzluq problemi yaşayan cütlüklər üçün böyük ümid yaratdığını deyirlər. Lakin onlar əlavə tədqiqatlara ehtiyac olduğunu da vurğulayırlar. “STAR” sistemi hələlik yalnız Kolumbiya Universitetinin Fertilitə Mərkəzində tətbiq olunur. Uşağın 2025-ci ilin sonunda dünyaya gəlməsi gözlənilir.
Tehsil-press.az