Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün də Bakıya qayıdır.Bu gün mövzu ilə bağlı Arzu müəllimədən götürdüyü müsahibə böyük maraqla qarşılanıb.
Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Facebook-da paylaşılan müsahibəyə münasibət bildirib.
"Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!" - nazir yazıb.
Müsahibəni Linkedin hesabında paylaşan Universitetin rektoru Şahin Bayramov isə yazıb: "Qarabağ Universitetinin çoxsaylı fədakar əməkdaşlarından biri olan Arzu Şükürovaya təşəkkür edirik. Müsahibə üçün Valyuta.az-a minnətdarlığımızı bildiririk. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"
"07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–00:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir” - Arzu müəllimə müsahibəsində deyib.
Tehsil-press.az













