
Ölkəmizin əlverişli coğrafi mövqeyi, küləkli Xəzər sahili, günəşli düzənlikləri və yüksək relyef potensialına malik əraziləri — Azərbaycanın bərpa olunan enerji bazarında regional liderə çevrilməsi üçün əlverişli zəmin yaradır. Həmçinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” elan olunaraq bu sahədə dövlət səviyyəsində mühüm layihələrin icrasına start verilib.
Bu baxımdan, Azərbaycanın yaşıl enerji strategiyası həm daxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələdir. Eyni zamanda bu təşəbbüslər xarici investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və ölkənin enerji sektorunda dayanıqlı inkişafına töhfə verir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Murad Calalovdan müsahibə alıb:
- Murad bəy, hazırda baş verən geosiyasi dəyişikliklər Azərbaycanın enerji ixrac siyasətinə necə təsir göstərir?
Son illərdə baş verən geosiyasi dəyişikliklər – xüsusilə Rusiya-Ukrayna müharibəsi, Qafqaz və Mərkəzi Asiya bölgəsində artan enerji tələbatı və Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək istəyi – Azərbaycanın enerji ixrac siyasətini güclü şəkildə stimullaşdırıb.
Əvvəllər əsasən xam neft və təbii qaz ixracatçısı kimi çıxış edən Azərbaycan, artıq elektrik enerjisi istehsalını da genişləndirməyə başlayıb. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda günəş və hidroelektrik stansiyalar, həmçinin Naxçıvanda günəş enerjisi layihələri inkişaf etdirilir. Bu, bir tərəfdən ölkənin enerji təhlükəsizliyini təmin edir, digər tərəfdən Gürcüstan və Avropa bazarlarına elektrik enerjisi ixracını mümkün edir.
Bu yeni ixrac imkanları Azərbaycan iqtisadiyyatına əlavə valyuta gətirir, həm də ölkənin strateji əhəmiyyətini artırır. Eyni zamanda, bərpa olunan enerji sahəsində xarici investor marağı yüksəlir, bu da uzunmüddətli dayanıqlı inkişaf deməkdir.
- Azərbaycanın bərpa olunan enerji sektorunda həyata keçirdiyi əsas layihələrin milli iqtisadiyyata təsiri necə qiymətləndirilə bilər?
Bu istiqamətdə olan layihələrin milli iqtisadiyyata təsiri isə çoxşaxəlidir. Əvvəla, enerji təhlükəsizliyinin təmin olunması və enerji idxalından asılılığın azalması daxili stabilliyə xidmət edir. İkincisi, bu layihələr minlərlə yeni iş yerinin açılmasına şərait yaradır, regionların inkişafına təkan verir və sosial rifahı artırır. Üçüncüsü, xarici investorların marağı Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirir. Nəhayət, bu təşəbbüslər enerji ixracını neftdən kənara da çıxararaq elektrik enerjisini ixrac potensialına çevirir ki, bu da ölkənin iqtisadi şaxələndirilməsi baxımından ciddi irəliləyiş deməkdir.
- Ümumiyyətlə görülən işlər, atılan addımlar beynəlxalq investorların marağına hansı şəkildə təsir göstərir?
Qeyd edim ki, Azərbaycan son illərdə bərpa olunan enerji sahəsində mühüm addımlar ataraq, həm ölkədaxili enerji təhlükəsizliyini təmin etmək, həm də neft-qaz asılılığını azaltmaq istiqamətində konkret strategiyalar formalaşdırıb. Bu çərçivədə "Qaradağ" Günəş Elektrik Stansiyası və "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi kimi iri infrastruktur təşəbbüsləri reallaşır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan yaşıl enerji zonaları, həmçinin Naxçıvan bölgəsində günəş potensialından istifadə edən dövlət layihələri bu sahədə prioritetlərin genişləndirildiyini göstərir.
Bu təşəbbüslərin əhəmiyyətli bir hissəsi Azərbaycan dövlətinin büdcəsi və siyasi iradəsi ilə həyata keçirilir. Bu, həm ölkə daxilində strateji qərarlılığın göstəricisidir, həm də beynəlxalq investorlar üçün açıq mesajdır: Azərbaycan öz resursları ilə ilk addımı atır, yəni bu sahəyə inamı var. Beləliklə, xarici şirkətlər – xüsusilə də ərəb və qərb enerji şirkətləri – bu bazara inamla daxil olur. Bu, bir növ Ümumilli lider Heydər Əliyev dövründə Bakı–Tbilisi–Ceyhan kəmərinin çəkilməsi zamanı müşahidə olunan yanaşmanı xatırladır: əvvəlcə dövlət liderliyi göstərir, sonra dünya ardınca gəlir.
Coğrafi baxımdan Azərbaycanın külək və günəş enerjisi üçün əlverişli mövqedə yerləşməsi (xüsusilə Abşeron yarımadası, Böyük Qafqaz dağlarının ətrafı və Qarabağ düzənliyi) bu sahədə davamlı potensial yaradır. Bərpa olunan enerji sahəsinə yönəlik investisiyalar isə təkcə enerji ilə məhdudlaşmır, burada yeni iş yerlərinin açılması, regional inkişafın sürətlənməsi, iqtisadi şaxələndirmənin güclənməsi də diqqətəlayiqdir.
Əlbəttə, bu prosesin nəticələri dərhal deyil, zamanla özünü göstərəcək. Amma ilk addımlar artıq atılıb və bu, ölkənin iqtisadi gələcəyi üçün vacib siqnaldır. Dünya liderlərinin son illərdə Qarabağa səfərləri də göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu sahədə atdığı addımları izləyir və təhlükəsizliyə inam artır. Bu isə, gələcəkdə daha geniş miqyaslı xarici investisiyaların axınına şərait yaradacaq. Bütün bu amillər bir yerdə Azərbaycanın iqtisadi sabitliyini, enerji təhlükəsizliyini və sosial rifahını yüksəltmək baxımından əhəmiyyətlidir. Bir sözlə ifadə etsək, Azərbaycanın gələcəkyönümlü enerji strategiyası qlobal tərəfdaşları artırır.
- Murad bəy, Ələt Azad İqtisadi Zonasının daha da inkişafı Azərbaycanın iqtisadiyyatına necə təsir göstərə bilər?
Ələt Azad İqtisadi Zonasının yaradılması və inkişafı Azərbaycan iqtisadiyyatının gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas strateji təşəbbüslərdən biridir. Bu zona ölkənin neftdənkənar iqtisadiyyatını gücləndirmək, regional və qlobal ticarət əlaqələrində rolunu artırmaq, eyni zamanda xarici investisiyaları cəlb etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Ələtin coğrafi mövqeyi çox əlverişlidir: Bakı yaxınlığında yerləşməsi onun həm ölkədaxili iqtisadi dövriyyəyə inteqrasiyasını asanlaşdırır, həm də Xəzər dənizi ilə Avropa və Asiyanı birləşdirən Orta dəhliz üzərində yerləşməsi onu beynəlxalq tranzit və ticarət mərkəzinə çevirir. Bu, Ələt Azad İqtisadi Zonasını yalnız yerli iqtisadiyyatın deyil, həm də qlobal logistika şəbəkələrinin bir hissəsi kimi formalaşdırır.
Azad zonanın əsas üstünlüklərindən biri onun vergi və gömrük güzəştləri, sadələşdirilmiş inzibati prosedurları və xarici investorlar üçün yaradılan əlverişli hüquqi mühitdir. Bu şərait, xüsusilə yüksək texnologiyalar, emal sənayesi və ixracyönümlü məhsullar üzrə fəaliyyət göstərən şirkətlər üçün çox cəlbedicidir. Nəticədə, burada yaradılan müəssisələr həm xarici kapital axınını artıracaq, həm də texnologiya transferinə, yerli kadrların ixtisaslaşmasına və yenilikçi istehsal sahələrinin inkişafına töhfə verəcək.
Ələt Azad İqtisadi Zonasını zonası eyni zamanda ölkədə işsizlik səviyyəsinin azalması və əmək bazarının şaxələnməsi baxımından da əhəmiyyətlidir. Yeni zavodlar, xidmət və logistika mərkəzləri, texnoloji inkubasiya zonaları minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Bu isə regional inkişafı gücləndirəcək və Bakı ilə ətraf bölgələr arasındakı iqtisadi fərqlərin azaldılmasına kömək edəcək.
Daha geniş perspektivdən baxdıqda, Ələt Azad İqtisadi Zonasının inkişafı Azərbaycanın yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf strategiyası ilə də uyğunlaşır. Burada nəzərdə tutulan layihələrin böyük hissəsi ekoloji baxımdan təmiz texnologiyalara əsaslanacaq, bu isə ölkənin bərpa olunan enerji, tullantıların idarə olunması və innovasiya sahəsindəki hədəflərinə xidmət edəcək.
Bu, Azərbaycanın qlobal iqtisadi şəbəkələrə inteqrasiyasını sürətləndirəcək, ölkənin imicini yalnız enerji ixracatçısı deyil, həm də innovativ və istehsal yönümlü iqtisadiyyat kimi formalaşdıracaq. Nəticədə, həm regionun gələcəyinə inamı gücləndirəcək, həm də dünya səviyyəsində iqtisadi-siyasi nüfuzu artıracaq.
Gülbəniz Hüseynli
Tehsil-press.az