
Bunu açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Onun sözlərinə görə, öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan, müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin məskunlaşdığı bir məkan olub.
“Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir. Azərbaycanda yaşayan müxtəlif xalqların ölkəmizin ictimai və siyasi həyatında oynadıqları mühüm rolla yanaşı, biz onların öz etnik dəyərlərini, dinlərini və ənənələrini tam şəkildə necə qoruyub saxladıqlarını aydın şəkildə görürük. Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidməti var. Məhz bunun nəticəsidir ki, Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi şəkildə keçirilən mühüm platformalara çevrilib”, – vurğulayıb.
Deputat əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın qlobal miqyasda humanitar dialoqa töhfəsi beynəlxalq miqyasda çox müsbət qarşılanır.
“Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri və Romada Müqəddəs Kommodilla katakombalarının bərpasından sonra keçirilən açılış mərasimində iştirakı, Roma Papası XIV Leo ilə görüşü Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyinin nümayişi idi. Azərbaycan bununla bir daha mədəni və humanitar diplomatiyasının parlaq nümunəsini dünyaya nümayiş etdirməklə, katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlıqla tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləmiş oldu”, – o vurğulayıb.
Deputat bildirib ki, qlobal siyasi gərginliklərin, kataklizmlərin, böhranların artdığı, qarşıdurma meyillərinin gücləndiyi bir dövrdə mədəni və humanitar diplomatiya beynəlxalq münasibətlərin mühüm alətinə çevrilib:
“Azərbaycan bu aləti sadəcə imic siyasətinin elementi kimi deyil, etimadın və qarşılıqlı anlayışın qurulması vasitəsi kimi istifadə edir. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri də Prezident İlham Əliyevin xarici siyasət kursunun məntiqi davamıdır. Azərbaycan bununla həm də dinlərarası, multikultural ölkə olduğunu əməli şəkildə sübut edir.
Birinci vitse-prezident Mehriban Əliyeva Vatikan səfəri, bu səfər çərçivəsində görülən işlər və səsləndirdiyi fikirlərlə sübut etdi ki, planetimizin gələcəyi, Yer kürəsində sülhün və təhlükəsizliyin qorunub saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqdan, dinlərarası və mədəniyyətlərarası dialoqu daim inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən səmimi əməkdaşlıq, gerçək həmrəylik dünyamızdakı bütün sivilizasiyaları xilas edə, onları qarşıdurmadan uzaqlaşdıraraq uzlaşma fonunda inkişaf etdirməyə imkan verə bilər”.
Tehsil-press.az