
Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər?
Emlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:
“2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi- sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək. Amma bəzi ərazilərdə – məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir”.
“Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb. Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir. Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu – xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib”
“İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri “çıxarış olacaq” vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir”
Tehsil-press.az