“Kartdan karta” köçürmə edən bu şəxslər cərimələnir

“Kartdan karta” köçürmə edən bu şəxslər cərimələnir Son vaxtlar bəzi mağazalar və xidmət müəssisələri kartla ödənişdən imtina edir, alıcılardan isə “kartdan karta” köçürmə etməyi tələb edirlər.

Bu cür praktika vergi qanunvericiliyinin pozulması ilə yanaşı, istehlakçı hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Belə hallar alıcının rəsmi qəbz və xidmət təminatını almaq hüququna mane olur və qanun qarşısında sahibkarın məsuliyyətini gündəmə gətirir.
Mövzu ilə bağlı hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlama verib.

O bildirib ki, Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı kartla ödənişin qəbul olunması və POS-terminalların quraşdırılması ilə bağlı məsələləri tənzimləyir:

"Qanuna əsasən, dövlət vergi orqanlarında ƏDV ödəyicisi kimi qeydiyyatda olan bütün təsərrüfat subyektləri, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, kartla ödənişi təmin etmək üçün POS-terminal quraşdırmalıdırlar. Bu qayda avtomobil və mebel satışında ixtisaslaşmış müəssisələrə, idman və sağlamlıq komplekslərinə, səhiyyə obyektlərinə, istirahət və əyləncə mərkəzlərinə, mehmanxanalara, şadlıq evlərinə, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat biletləri satış məntəqələrinə, turizm şirkətlərinə, həmçinin hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus taksilərə şamil olunur".

Hüquqşünas əlavə edib ki, rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan yuxarı olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri də POS-terminal quraşdırmaq və kartla ödəniş qəbul etmək məcburiyyətindədirlər. 2020-ci il yanvarın 1-dən etibarən, POS-terminalın quraşdırılmaması və ya quraşdırılmış terminal vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilir.

"Təqvim ili ərzində birinci dəfə bu pozuntuya yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üçüncü və daha çox dəfə pozuntu halında isə 6.000 manat məbləğində cərimə tətbiq olunur", - deyə Elşad İsayev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər