
28 yaşlı Pərviz özünə “Alfa tikinti təmir” adlı MMC açıb.
Dediyinə görə, məqsədi fərdi yaşayış evlərinin tikintisi və təmiri olub.
Pərviz şirkəti və gördüyü işləri reklam etmək üçün “TikTok”da “Alpha_tikinti_temir 01” adlı səhifə açaraq müştəri axtarmağa başlayıb. Adı çəkilən səhifə indi də aktivdir. Lakin mənfi rəylərdən sonra bütün paylaşımlardakı şərhlər bağlanıb.
“TikTok”da gördükləri şirnikləşdirici elanlara aldanmağa başlayan şəxslər Pərvizlə əlaqə saxlayıblar. Pərvizin toruna düşən ilk 3 nəfər aldadılıb. Pərviz elanlarda yerləşdirdiyi işləri bazar qiymətindən xeyli ucuz qiymətə göstərməklə qısa zamanda diqqət çəkməyi bacarıb.
Zəng vuran müştərilərlə görüşə gedən zaman icarəyə lüks maşınlar götürən Pərviz hər kəsə “bayrama qədər evinizə köçəcəksiniz” vədini verirmiş.
Əvvəlcə Aytac adlı xanım “TikTok”da gördüyü elandan sonra Pərvizlə əlaqə saxlayıb. Aytac Ağcabədidə olan torpaq sahələrində ev tikdirmək istədiklərini deyib. Pərviz icarəyə götürdüyü lüks avtomobillə Ağcabədiyə gedib. 30 minə ev tikməyə razılaşan Pərviz ilkin ödəniş kimi 10 min manat alıb. İşə görə rəsmi müqavilə bağlamayan Pərviz izah edirmiş ki, rüsum çox çıxır. Pərviz müqavilə istəyən müştərilərə notariusda borc müqaviləsi bağlamağı təklif edirmiş.
Pərviz zərərçəkmiş kimi tanınan Aytacdan ümumilikdə 19 500 manat alıb. Daha iki nəfərin isə hər birindən 10 min manat alaraq eyni vədləri verib. Pul aldığı şəxsləri müxtəlif vədlərlə aldadan Pərviz daha çox tikinti materiallarını Türkiyədən sifariş verdiyini deyərək zaman qazanırmış.
Çoxsaylı zənglərdən və şikayətlərdən sonra çıxış yolu qalmayan Pərviz Türkiyəyə qaçmaq istəyən zaman hava limanında saxlanılıb.
Barəsində həbs qətimkan tədbiri seçilən Pərviz Sabunçu Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Dələduzluqda ittiham olunan Pərvizin zərərçəkənlərdən Aytac adlı xanımla barışdığı məlum olub. Digər iki nəfər isə 10 min manatlarını Pərvizdən ala bilməyiblər.
Məhkəmə Pərviz barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edib və məhkəmə zalından azadlığa buraxıb. Digər iki zərərçəkmiş isə pullarını mülki qaydada tələb etməli olacaq.
Tehsil-press.az