Qusarda ananın doğuşdan sonra ölməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Qusarda ananın doğuşdan sonra ölməsinin səbəbi açıqlanıb - YENİLƏNİB Qusar rayonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən ana avqustun 11-i Reanimasiya şöbəsinə yerləşdirilib, 12-si isə pasiyentin ölüm faktı qeydə alınıb.

Bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onda ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qara ciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Ürək döyüntüləri müşahidə edilməyən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, avqustun 12-də saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 sm, çəkisi 3 kq. 100 qram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir.

10:04

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1992-ci il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.

Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.

Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu, onun ikinci hamiləliyi olub.

Tehsil-press.az

Oxşar xəbərlər