Müsahibimiz “Alisa Hədiyyələr” mağazasının sahibi Elvin Arifoğludur.
Qeyd edək ki, Elvin Arifoğlu 1992-ci ildə Gəncə şəhərində anadan olub. 2010-2012-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Tankçılıq ixtisası üzrə təhsil alıb. Təhsildən sonra hərbi xidmətə yollanıb və hərbi xidmətdə olarkən 2012-ci il iyulun 28-də həbs olunub.
- Elvin bəy, hərbi təhsilə marağınızın yaranması necə olmuşdu?
- Bu sahəyə marağım əvvəldən olub, amma Radioelektron mübarizə və Radioelektron kəşfiyyat, proqramlaşdırma üzrə təhsil almaq istəyirdim. Tale elə gətirdi ki, tankçılıq üzrə təhsil almalı oldum. Bu sahə üzrə təhsil alsam da, bitirdikdən sonra hərbdən uzaqlaşmağı, ticarət və ya yazıçılıq fəaliyyəti ilə məşğul olmağı düşünürdüm.
- Hansı səbəbdən həbs edilmişdiniz?
- Hərbi xidmətdə N saylı hərbi hissədə, ön cəbhədə xidmət edirdim. Silahla ehtiyatsız davranma nəticəsində açılan güllə əsgər yoldaşıma tuş gəldi. Nəticədə o, həyatını itirdi. 2012-ci il iyulun 28-də məhkəmənin qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum edildim.
- Azadlığa çıxana kimi həbsdə nə ilə məşğul olmusunuz?
- Azərbaycanda ilk məhbuslardan biriyəm ki, həbsxanada tədris mərkəzi açmışdıq. Tədris mərkəzində digər məhkum yoldaşlarımıza ingilis və ərəb dilini tədris edirdik. Bununla bərabər məhkum yoldaşlarımızla birgə rus, yəhudi və fars dillərini də öyrənmişik. Məhkumlar üçün psixoloji motivasiya yönümlü dərslər təşkil etmişik. Onlarda həyata bağlılıq və motivasiya yaratmağa çalışırdıq. Daha doğrusu, onları cəmiyyətə yenidən qaytarmağa səy göstərirdik.
- Məhbusları elmi fəaliyyətə cəlb etmək qərarına necə gəldiniz?
- Həbsə düşdüyüm vaxtlarda mənə ən çox Elşən müəllim dəstək olub. O, vaxtilə Elmlər Akademiyasının işçisi olub. Mənə məsləhət gördü ki, həm özümüzü, həm də digər məhbusları inkişaf etdirək ki, azadlığa çıxdıqdan sonra cəmiyyətə yararlı vətəndaş olsunlar. Beləliklə, biz fəaliyyətə başladıq.
- İlk vaxtlar siz özünüz də psixoloji çöküşlər yaşamısınızmı?
- Xeyr, əsla. Mən hansı çətinlik olursa-olsun, onun arxasındakı hikməti axtarıram. Əlbəttə, ilk 1-2 gün adaptasiyada çətinlik olur, amma sonra öyrəşirsən.
- Həbsxanadan çıxdıqdan sonrası üçün nə plan qurmuşdunuz?
- Həbsxanada olarkən öz üzərimdə çox işləmişəm. Çıxdıqdan sonra özümə biznes qurmağı düşünürdüm. Bunun üçün də müxtəlif növ kitablar oxuyurdum. Bu kitablar əsasən ticarət, biznes və motivasiya mövzularına aid idi. Həbsxanaya çoxlu kitablar, həmçinin “Amazon”da satışla bağlı məsləhətlər olan videomateriallar gətirdirdim. Gündə ən azı 2-3 saat onlarla məşğul olurdum. Təxminən 200-ə yaxın biznes və ticarət sahəsinə dair kitab oxumuşam.
- Kitabları hardan əldə edirdiniz?
- Həbsxanada olarkən digər məhbuslar gəlir əldə etməsələr də, mən gəlir əldə edirdim. Müxtəlif redaksiyalarla işləyirdim, onlara məqalələr yazıb göndərirdim. Amma bunun müqabilində çox kiçik məbləğ ödəyirdilər. Həbsxanadan universitetlərə məktublar yazırdım. Hətta bu məktubların nəticəsində 2013-cü ildən etibarən Xəzər Universiteti müntəzəm olaraq həbsxanaya kitab göndərməyə başlamışdı. Bununla yanaşı, ailəm də mənə maddi köməklik göstərirdi.
- Bu kitablardan əsas hansı nəticəni çıxardınız?
- Öyrəndim ki, uğura çatan insanların əksəriyyəti həyatda böyük çətinliklərlə üzləşmiş şəxslər olub. Əgər zirvəyə qalxmaq istəyiriksə, dolambaçlı yollardan keçməliyik. Daha mənəvi dildə desək, cənnətə getmək istəyiriksə, cəhənnəmdəki Sırat körpüsündən keçməliyik.
- Vaxtından əvvəl azadlığa çıxmağınız necə oldu?
- Mənim azadlığa çıxmağım möcüzə sayılırdı. Həbsxanada kitab yazırdım. İlk yazdığım kitab “El harayına can deyən şəhid Elcan” idi və bu kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunmuşdu. O kitabı yazarkən, eyni zamanda 586 səhifəlik “Sükutla danışanlar” romanını çap etdirmək üçün maddi vəsait lazım idi. Televiziyada gənclər və idman naziri Fərid Qayıbovun gənclərə dəstək olması barədə xəbər göstərilirdi. Mən də bu dəstəyi görüb Fərid müəllimə məktub yazmaq qərarına gəldim. Məktubda kitabın çapı üçün dəstək istədim. Həbsxanadan gələn məktub nazirin köməkçisi Elşən bəyin diqqətini çəkir və məktubu Fərid müəllimə çatdırır. Kitab o qədər maraqlı idi ki, Fərid müəllim onu bir gün ərzində oxudu. Mənim fəaliyyətlərimi öyrəndikdən sonra, yaxşı əməllərimi və fəallığımı görüb islah olduğumu anlayıblar. İslah olduğumu gördükdən sonra, azadlığa çıxma məsələm yuxarı dairələrdə müzakirə olunub. Gözləmədiyim anda məhkəmə keçirildi və məni cəza müddətindən 3 il əvvəl, 2022-ci ilin iyulunda azadlığa buraxdılar. Hətta azadlıqda olarkən kitabım da çap edildi. Təxminən 10 ay azadlıqda qaldım. Təəssüf ki, 2023-cü ilin 20 aprel tarixində yenidən azadlıqdan məhrum edildim.
- İkinci dəfə həbs edilmənizə səbəb nə oldu?
- Səbəb prokurorluğun islah olduğuma inanmaması idi. Məhkəmədə təqdim edilən sənədlərin şişirdilmiş sənədlər olduğunu düşünürdülər.
- Yenidən həbsə qayıtmağınız sizi sarsıtdımı?
- Bəli, ikinci dəfə həbs olunmam mənə təsir etmişdi. Həbsxanadakı və azadlığdakı fəalliyətim hər kəsin göz önündə idi. Mən özümü tanıdığım üçün həmin iddiadan dolayı özümü məyus hiss edirdim.
- Yenidən nə zaman azadlığa buraxıldınız?
- 6 ay sonra, Ədliyyə Nazirliyinin mənim islah olmağımla bağlı təqdimatı əsasında 2023-cü ilin noyabrında yenidən azadlığa buraxıldım.
- Bilirsiniz ki, cəmiyyətdə məhbuslara qarşı qərəzli yanaşma var. Siz də azadlığa çıxdıqdan sonra belə çətinliklərlə üzləşdiniz?
- Əksinə. Azadlığa çıxdıqdan sonra insanlardan doğmalıq və dəstək gördüm. Çoxlarını məhbuslara qarşı olan fikirlərini dəyişməyə məcbur etdim. Onlar mənim düşündüklərinin əksinə bir insan olduğumu görüb təəccüblənirdilər. İnsanlar anlamalıdır ki, problem həbsxana yox, insanın özüdür. Əgər bir insan düzgün yaşamağı seçərsə, harda olursa olsun, insanlar tərəfindən seviləcək.
- Həbsdən çıxdıqdan sonra biznes qurmaq qərarına necə gəldiniz?
- Azadlığa çıxdıqdan sonra məni 1-2 redaksiyada redaktor kimi fəaliyyət göstərməyə dəvət etdilər. Ədəbi sahəni sevsəm də, 450-500 manat maaşla yaşaya bilməyəcəyimi başa düşürdüm. Ona görə də biznes sahəsinə yönəlmək qərarına gəldim. İlk olaraq Gəncədə hədiyyəlik əşyalar satılan “Alisa Hədiyyələr” mağazasını açdım.
- Biznesinizi necə maliyyələşdirdiniz?
- Həbsdən çıxdıqdan sonra qohum-əqrəba göz aydınlığı üçün məni görməyə gəlirdi. Həbsxanadan çıxdığım üçün hər gələn insan mənə muştuluq kimi pul verirdi. O pulları yığırdım. Yığdığım pulların bir hissəsini kitab çapına sərf etdim. Bir miqdar borc götürərək, 2023-cü ilin dekabr ayında Gəncədə “Alisa Hədiyyələr” mağazasını açdım. Təxminən bu mağaza üçün 3 min manat sərmayə qoymuşdum.
- Bakıda onlayın biznes qurmaq qərarına necə gəldiniz?
- Gəncə əhalinin gəlir səviyyəsi Bakıdan aşağı olduğuna görə alıcılıq qabiliyyəti daha aşağı idi. Mən də ailə quracağımı nəzərə alaraq işləri böyütmək qərarına gəldim. Gəncədə 10 ay işləyib müştəri bazası formalaşdırdıqdan sonra, güvəndiyim bir işçini işə götürüb idarəni ona tapşırdım. Bakıya gəldikdən sonra isə “Umico”da, yəni indiki “Birmarket”də onlayn biznesə başladım.
- Necə başladız?
- İlk olaraq VÖEN məsələsini həll etdikdən sonra “Alisa Hədiyyələr” adı ilə özümə onlayn mağaza açdım. Öz zövqümə uyğun bir neçə məhsul seçdim və təxminən 400–500 manatlıq məhsul yerləşdirdim.
- İlk satışınız nə idi və ilk ay nə qədər gəlir əldə etdiniz?
- İlk satdığım məhsullar saat və ətir idi. Bir ay ərzində 1200-1300 manat gəlir əldə etdim. Başa düşdüm ki, onlayn biznes daha sərfəlidir. Hər ay üçün gəlir hədəflərimi müəyyən etmişdim: 1-ci ay 1200 manat, 2-ci ay isə artıq 2000 manat qazanmışdım. İndi isə məqsədim aylıq 5-6 min manat gəlir əldə etməkdir.
- Bəs siz kitab satışından nə qədər gəlir əldə etmisiniz?
- Mayasını çıxarmışam (Gülür).
- Yəni?
- Ümumilikdə, 300-400 kitab sataraq təxminən 7500 manat gəlir əldə etmişəm.
- Hər iki biznesdən bu günə qədər nə qədər gəlir əldə etmisiniz?
- Təxminən 1 il ərzində 30 min manat qazanc əldə etmişəm.
- Keçmişiniz biznes həyatınızda müştərilərlə münasibətlərinizə təsir göstərirmi?
- Xeyr. Müştərilərimin 90 faizi ilə səmimi münasibətim var. Çalışıram ki, yeni dostluqlar qurum. Aqressiv yanaşan insanlarla da problemi həll edib, dostluq münasibətləri yaradıram.
- Onlayn biznesi real mağazaya çevirmək fikriniz varmı?
- Xeyr, çünki onlayn biznesin şərtləri daha sadədir. Mağaza açsam, icarə pulu da ödəməli olardım, halbuki onlayn biznesin əlavə xərci yoxdur.
- Onlayn biznesin hansı çətinlikləri var?
- Müştərilərlə satışdan sonra bəzən problemlər yaşanır. Bəziləri məhsulu xarab edib geri qaytarma tələb edirlər. Əslində, mən bütün məhsulları yoxlayıb sonra müştəriyə göndərirəm. Buna baxmayaraq, bəzən bu hallar səbəbindən itkilər yaşanır.
- Onlayn biznesdə əməkdaşlağınız var?
- Bəli. Qohum-əqrabamdan bəziləri təbii daşlardan bəzək əşyaları hazırlayır, mən də onları satıram. Hətta dost-tanışlarımla da əməkdaşlıq edirəm. Pərakəndə şəkildə malları onlardan alıb satıram.
- Gələcəkdə biznesinizlə bağlı məqsədiniz nədir?
- Gələn il üçün 6 sıfırlı gəlir əldə etməyi hədəfləmişəm. Hətta Çin şirkətlərindən biri ilə razılaşıb “Alisa” markalı, suya davamlı və dayanıqlı saat istehsal etməyi planlaşdırıram. Gələcəkdə isə “Amazon” platformasına keçməyi və mövcud biznesimi ailə üzvlərimə təhvil verməyi düşünürəm.
- Onlayn biznes qurmaq istəyənlərə nə məsləhət görərdiz?
- 1 nömrəli tövsiyəm odur ki, qarşılarına aydın hədəf qoysunlar və bazarı diqqətlə araşdırsınlar. Cəmiyyətin maraq göstərdiyi, tələbatı yüksək olan məhsulların satışına üstünlük versinlər. Həmçinin Amerika bazarına da nəzər salsınlar və “Amazon” kimi beynəlxalq satış platformalarından faydalansınlar.
Tənzilə Ağabalayeva
Tehsil-press.az