
Ötən həftə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumat diqqət çəkdi. Xəbərdə bildirilirdi ki, Azərbaycanda üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub. Doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib. Bir neçə gün əvvəl də ana Bakı metrosunda doğuş həyata keçirmiş və hadisə geniş reklam olunmuşdu.
TƏBİB-in yaydığı son məlumat insanlar tərəfindən fərqli reaksiyalar doğurub. 21-ci əsrdə hələ də belə halların baş verməsi birmənalı qarşılanmayıb.
Azərbaycanda dövlət büdcəsindən hər il TƏBİB-ə və Səhiyyə Nazirliyinə Respublika üzrə universal-proqressiv patronaj xidmət göstərilməsi üçün milyonlarla vəsait ayrılır.
Tibbi ekspert Müşfiq Hüseynov açıqlamasında hamilə qadınların metroda, təcili yardım maşınlarında dünyaya uşaq gətirməsini tənqid edib: “Hamilə qadınla maarifləndirmə işi necə aparılıb ki, doğum gününü bilmir? Onun doğumdan ən azı 2 həftə əvvəl artıq nəzarətdə və diqqətdə olması lazımdır. Bundan başqa, son anda təcili yardımda baş verən doğum hadisəsi onu göstərir ki, xanımlar uşağı evdə dünyaya gətirmək fikrində olub. Son anda hər hansı səbəbdən fikirlərini dəyişiblər. Bu da qəbuledilməz haldır”.
Professor Adil Qeybulla da hesab edir ki, hamiləlik planlaşdırılan olmalıdır: “Doğum əvvəlcədən planlaşdırılmalıdır, axı ana yoxlanılır. Onun orqanizminin hamiləlik üçün təhlükəsiz olması tam təsdiqləndikdən sonra hamiləlik baş verir. Dünyanın hər yerində hamiləliyin konkret yoxlama protokolu var. Bu, uşağa mütəmadi nəzarətdir. Uşağın inkişafı, anadangəlmə qüsurların olması, döl daxilindəki quruma və onun həyatının davam etməsinin təsdiqi beynəlxalq protokolla təqib edilir. Doğuş sancılarına gəlincə, təəssüflər olsun ki, onu həmişə proqnozlaşdırmaq olmur. Təyyarədə, metroda, təcili yardım maşınları və evdə də belə hadisələr baş verə bilər. Hamilə qadınlar son aylarda daha diqqətli olmalıdırlar. Xüsusi ilə doğuşa yaxın aylarda ki, belə hadisələr baş verməsin”. Kim haqlıdır, xüsusilə paytaxtda bu cür kurioz doğuşlar ananın məsuliyyətidir, yoxsa ginekoloqun?
Tanınmış mama-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Mütəxəssis səslənən fikirləri tənqidlə qarşılayıb: “Niyəsə bəzən ixtisası ginekologiya ilə bağlı olmayan insanlar doğuş haqqında fikir bildirərək deyirlər: "Doğuş planlı olmalıdır, bu nə biabırçılıqdır, niyə doğuşa nəzarət etmirlər, niyə əvvəlcədən planlaşdırmırlar?" Halbuki məsələ o qədər sadə deyil. Əslində doğuş müəyyən hallarda planlı ola bilər, məsələn, tibbi zərurət olduqda, risklər nəzərə alındıqda və ya həkimin göstərişi ilə qeysəriyyə əməliyyatı təyin edildikdə. Amma ümumi qayda belədir ki, normal təbii doğuş plan üzrə baş vermir. Sancı nə vaxt başlayırsa, doğuş da o vaxt baş verir. Bu, həyatın öz axarı ilə gələn bir prosesdir. Doğuşun yalnız xəstəxana otağında, müəyyən dəqiqədə və plan əsasında baş verməsi fikri səhv yanaşmadır. Uşaq dünyaya hər yerdə gələ bilər - təyyarədə, qatarda, avtobusda, hətta təcili yardım maşınında. Elə buna görə də təcili tibbi yardım maşınları xüsusi avadanlıqla təmin olunur, əlavə xərclər çəkilir ki, məhz belə fövqəladə hallarda həkimlər və tibb personalı doğuşu idarə edə bilsin. Bu maşın, sadəcə, nəqliyyat vasitəsi deyil, hərtərəfli tibbi yardım göstərə bilən kiçik bir mobil klinikadır. Belə bir doğuşu “qeyri-adi hadisə” adlandırmaq düzgün deyil. Əksinə, bu, təbii doğuşun bir formasıdır. Həkimlər hər zaman hamilə qadınlara bildirirlər ki, sancı əlamətləri başladısa, dərhal xəstəxanaya yollanmaq lazımdır. Amma nəzərə almaq lazımdır ki, hər qadın bunu bacarmaya da bilər. Xüsusilə təkrar doğuşlarda proses daha sürətli gedir və qadın bəzən xəstəxanaya çatmadan körpəsini dünyaya gətirir. Burada əsas məsələ nəticədir - yəni həm ana, həm də uşaq sağlam olmalıdır. Mən heç də o fikirdə deyiləm ki, qadınlar mütləq küçədə, qatarda və ya başqa qeyri-adi şəraitdə doğuş etsinlər. Amma əgər belə hallar baş verirsə, onları faciə kimi deyil, həyatın bir gerçəkliyi kimi qəbul etmək lazımdır. Əks halda, təbii doğuşu daim tənqid edən yanaşmalar qadınların daha çox həkimlərə müraciət edərək səbəbsiz yerə qeysəriyyə əməliyyatı tələb etməsinə gətirib çıxara bilər. Bu isə nə ana, nə də uşaq üçün arzuolunan deyil".
Rəşad Sultan bir daha vurğulayıb ki, xəstəxanadan kənarda baş verən doğuş qeyri-adi, təhlükəli və ya qəbuledilməz hal deyil: “Əlbəttə, hər bir hamilə qadın məsuliyyətli olmalı, həkimin tövsiyələrinə əməl etməli, problem yarandıqda təcili yardıma və ya həkiminə müraciət etməlidir. Amma unutmamalıyıq ki, doğuşun özü təbii prosesdir və həyatın axarında hər yerdə baş verə bilər”.
Tehsil-press.az