Azərbaycanda qeysəriyyə kəsiyinə görə əmsal 19-20% arasındadır

Azərbaycanda qeysəriyyə kəsiyinə görə əmsal 19-20% arasındadır "Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal bu gün 19-20% arasındadır. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq".

Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qeysəriyyə kəsiyi təbii doğum yolları ilə doğuş baş verə bilməyən hallar üçün tibbi göstərişdir: "Bu göstəriş həm ana, həm də döl tərəfdən olur. Son illər bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir. Azərbaycanda da qeysəriyyə kəsiyi üçün tibbi göstərişlərin strukturuna baxdıqda birinci yerdə təkrar çapıq dayanır".
S.Məmmədova deyib ki, ilk qeysəriyyə kəsiyindən sonra iki il ərzində hamilə qalmaq olmaz: "Hamilə qalmaq da uşaqlığın bitişmə qabiliyyətindən çox asılıdır. Bizim gənc qadınlar doğuşdan 40 gün sonra hər şeyi yaddan çıxarır, kontraseptiv üsullardan istifadə etmir, qadın məsləhətxanalarından məsləhət almırlar, öz bildiklərini edirlər. Nəticədə də hamilə qalaraq risk qurupuna daxil olurlar".
Baş mama-ginekoloq əlavə edib ki, qeysəriyyə kəsiyindən sonra təbii doğuşun aparılması üçün şərtlər var.
Onun sözlərinə görə, əgər çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, onun çapığı birincili bitişibsə, birinci keysəriyyə kəsiyindən 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqədar nisbi göstəriş olubsa, yalnız açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaq şərtilə doğuş aparıla bilər: "Amma qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi bundan əvvəl keçirilən əməliyyatdakı çapıqdır. Bu gün Azərbaycanın mama-ginekoloqları hesab edir ki, uşaqlıq üzərində çapıq varsa, qadın əməliyyata getsə daha yaxşıdır".


Tehsil-press.az

Oxşar xəbərlər