Bu xəstəlik icbari tibbi sığorta paketinə daxil edildi

Bu xəstəlik icbari tibbi sığorta paketinə daxil edildi Hamiləlik zamanı yaranan, həm ananın, həm də dölün sağlamlığı üçün ciddi təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, preeklampsiya hamilənin qan təzyiqinin yüksəlməsi, proteinuriya (sidikdə zülalın miqdarının artması) və ödemlərlə xarakterizə olunan ciddi hamiləlik ağırlaşmasıdır. Bu vəziyyət hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edir. Xəstəliyin yaranma səbəbi plasentada (ciftdə) qan dövranının pozulması, immun sistemin pozğunluqları, ekstragenital xəstəliklər, qidalanma və ekoloji amillərlə əlaqələndirilir.

Məlumata görə, ixtisaslı həkim müayinəsi, ana və dölün sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ambulator və stasionar müşahidə, USM və doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya), laborator analizlər və s. müayinələr, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı (tibbi göstəriş əsasında) icbari tibbi sığorta ilə qarşılanır.

Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator xidmət göstərən tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə TƏBİB-in tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Fəsadlar arasında ciftin qopması, qanaxma, dölün bətndaxili inkişafının ləngiməsi və bətndaxili ölümü, insult, böyüklərdə tənəffüs çatışmazlığı, kəskin böyrək çatışmazlığı, ağciyər ödeminin inkişafı mümkündür. İlk hamiləlik, süni mayalanma, çoxdöllü hamiləlik, doğuşlararası zamanın 2 ildən az, 10 ildən çox olması, ananın yaşının 18-dən aşağı, 35-dən yuxarı olması, şəkərli diabet, xroniki hipertenziya, öncəki hamiləlikdə və ya ailə anamnezində (anada, bacıda) preeklampsiyanın olması bu xəstəliyin risk faktorlarıdır.

Preeklampsiya aşkar olunarsa, ana və dölün sağlamlıq vəziyyətini yaxından izləmək, mütəmadi tibbi müayinə və müalicə (pəhriz, fiziki aktivlik, antihipertenziv və qıcolma əleyhinə dərman preparatları) təyin olunmalıdır. Ağır preeklampsiya və eklampsiya zamanı isə hamilə qadın stasionar müşahidəyə alınır. Əsas müalicəsi hamiləliyin sonlandırılması, yəni döl və ciftin doğulmasıdır. Hamiləlik 37 həftəni keçibsə, hamiləliyin doğuşla və ya keysəriyyə kəsiyi ilə sonlandırılması tövsiyə olunur. Daha erkən hamiləlik müddətində, ağır preeklampsiya yaranırsa, ana və körpənin həyatı risk altındadırsa, vaxtından əvvəl təcili doğuş həyata keçirilə bilər.

Preeklampsiyanın yüngül, orta, ağır dərəcələri var. Ağır preeklampsiya zamanı kəskin baş ağrıları, ürəkbulanma və ya qusma, görmə pozğunluğu, daxili orqanların zədələnməsi əlamətləri - epiqastral və sağ qabırğaaltı nahiyyədə ağrılar, qəflətən yaranan və bütün bədəni əhatə edən yayılmış ödemlər (xüsusilə üz və ya bel-oma nahiyyəsi), sidik ifrazının azalması, sarılıq, dölün bətndaxili inkişafının ləngiməsi və s. kimi simptomlar müşahidə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər