Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, son illərdə ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasirləşdirilməsi və inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Kompüter və proqramlaşdırma elmləri BDU-da da prioritet sahələrdən biridir, Universitetdə müasir səviyyədə Rəqəmsal tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. Rektor Ramin Mahmudzadənin Azərbaycanda kompüter elmlərinin inkişafına verdiyi töhfələri xatırladıb, belə müsabiqələrin ölkənin intellektual potensialının artırılmasında mühüm rol oynadığını qeyd edib.
Mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun çıxışı ilə davam edib. Çıxış nitqində o, ICPC yarışlarının ölkəmizə gətirilməsində Ramin Mahmudzadənin əvəzsiz rolunu vurğulayaraq qaliblərin də məhz ICPC dünya finalında təltif olunmasını ruhlandırıcı və gələcək uğurlara təşviqedici bir addım olduğunu qeyd edib.
Daha sonra İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev və Azərbaycan Respublikası Mərkəzi Bankının departament direktoru Əfqan Abbasovun iştirakı ilə “ICPC-dən Rəqəmsal cəmiyyətə” mövzusunda panel müzakirələri keçirilib. Panel sessiyası zamanı texnologiya və rəqəmsal inkişaf barədə müzakirələr aparılıb, Ramin Mahmudzadənin tədris metodları xatırlanıb.
Panel sessiyasından sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub. BDU, ADA Universiteti, Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqədə I, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyasının tələbələri II, Bakı Dövlət Universiteti, Türkiyənin Marmara Universiteti, Fransa- Azərbaycan Universitetinin tələbələri III yerin qalibi olublar.
Qeyd edək ki, “R.M 90” proqramlaşdırma müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, BDU, ICPC Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə 8 avqust tarixində Bakı Dövlət Universitetində keçirilib. Yarışda ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-yə qədər tələbə iştirak edərək 4 saat ərzində xüsusi proqramlaşdırma tapşırıqlarını həll etmişdilər.
Tehsil-press.az