“Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib

“Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “WorldSkills Azerbaijan” platforması tərəfindən ölkə səviyyəsində təşkil olunan veb-proqramlaşdırma üzrə yarışın bağlanış və təltifetmə mərasimi keçirilib.
Mərasimi açan “WorldSkills Azerbaijan” platformasının texniki nümayəndəsi Ceyran Məmmədli qonaqlara veb-proqramlaşdırma yarışı və ümumilikdə “WorldSkills Azerbaijan” platforması haqqında məlumat verib.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov və “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirakı ilə “Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə XXI əsrdə rəqəmsallaşmanın təhsilin ayrılmaz hissəsinə çevrildiyi və bu prosesin ölkəmizdə də təhsilin bütün sahələrində müşahidə edildiyi vurğulanıb.
Mərasimin sonunda təhsil nazirinin müavini İdris İsayev veb-proqramlaşdırma yarışının qaliblərini mükafatlandırıb və onlara qiymətli hədiyyələr təqdim edib. Qeyd edək ki, yarışın qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.
Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyilə baş tutan veb-proqramlaşdırma yarışı ölkəmizdə “WorldSkills” modelinə uyğun keçirilən ilk yarışdır. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən edilib.

Tehsil-press.az



Oxşar xəbərlər