
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında ikigünlük səfərdə olub. Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib. Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.
Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.
Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.
Nazir Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiemlə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, bu ilin mayında Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycanda ilk dəfə səfərdə olub. Baş katib Azərbaycan Prezidenti ilə Bakıda müdafiə sənayesi sahəsində də əlaqələrin mümkün perspektivini müzakirə ediblər. Vurğulanıb ki, müdafiə sənayesi sahəsində çox böyük perspektivləri var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Elə həmin səfər çərçivəsində hər iki ölkənin Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Baş katib To Lam mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan və Vyetnam müdafiə, təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalı, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətləri inkişaf etdirməlidir.
Müdafiə qabiliyyətinin davamlı olaraq yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət yürüdən Azərbaycan ötən dövr ərzində bu müstəvidə də çoxsaylı nailiyyətlərin müəllifinə çevrilib. Ölkəmiz həm yerli istehsal, həm də müxtəlif tərəfdaşlarla işbirliyi sayəsində silahlı qüvvələrinin maddi-texniki təminatını yüksək səviyyəyə çatdırıb. İndi ordumuzun, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin digər növlərinin ixtiyarında ən müasir hərbi texnikalar, müxtəlif silah-sursatlar mövcuddur. Rəsmi Hanoy öz silahlı qüvvələrinin inkişafına, o cümlədən onları müasir silah və hərbi texnika ilə təmin etməyə müstəsna önəm verir. Elə bu kontekstdə Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq Vyetnam üçün olduqca cəlbedicidir.
Vyetnamın hərbi təyinatlı məhsulları, onun istehsal təcrübəsi ölkəmiz üçün maraqlıdır. Ötən dövr ərzində bu istiqamətlərdə Vyetnam mühüm uğurlara imza atmağı bacarıb. Respublikanın hərbi sənayesində 60-dan çox müəssisə fəaliyyət göstərir. Onlar aviasiya, sursat, gəmiqayırma, artilleriya, atıcı silah, zirehli, raket və radioelektron istiqamətlərdə fəaliyyət göstərirlər. Eyni zamanda gəmi və zenit-raket komplekslərinin, radarların, elektron döyüş sistemlərinin müstəqil istehsalının inkişafı, həmçinin öz piyadaların döyüş maşınlarının, tank əleyhinə idarə olunan raket komplekslərinin yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilir.
Xarici tərəfdaşlarla, o cümlədən də Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq, bu fonda birgə istehsal müəssisələrinin yaradılması hər iki ölkənin maraqlarına cavab verir. Artıq bu istiqamətdə ilkin addımların atılması yaxın tezlikdə mühüm nəticələrin əldə olunacağını göstərir.
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan silah alqı-satqısı, müdafiə sənayesi sahəsində əməkdaşlığı çoxvektorlu qurub, getdikcə də şaxələndirir, Cənub-Şərqi Asiyaya da çıxmaqdadır: “Biz indiyə qədər əsasən İsrail, Türkiyə, Rusiya, Belarus, Serbiya kimi ölkələrlə əməkdaşlıq etmişik. Sonrakı dövrdə ərəb ölkələri ilə bu sahədə əlaqələr inkişaf etdirildi. İndi də Vyetnam bizim üçün maraq doğuran coğrafiyadır. Çünki bu ölkə yüksək sürətlə inkişafdadır. Söhbət təkcə silahlardan getmir, hərbi təyinatlı bir çox ləvazimatlar ala bilərik. Azərbaycan Prezidenti Kəlbəcər sakinləri ilə söhbətində də dedi ki, hər an müharibə ola bilər. Düzdür, sülh sazişi bağlanıb, böyük ölçüdə məsələlər həllini tapıb, amma yenə də arxayınlaşmaq olmaz. Ona görə də Azərbaycan müdafiə sahəsində boş dayanmır”.
Hərbi təhlilçinin fikrincə, Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, əlaqələr indi daha çox inkişafdadır: “Bu da həmin bölgənin başda Çin olmaqla, tərəqqisindən xəbər verir. Azərbaycan da o səbəbdən Cənub-Şərqi Asiyaya açılır. Onu da deməliyəm ki, qarşı tərəfin də böyük marağı var. 44 günlük müharibədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan müasir silah-sursatlar, o cümlədən pilotsuz uçuş aparatları əhəmiyyətli rol oynayıb. Bütün bunlar bir çox digər ölkələr kimi Vyetnamın da diqqətini cəlb edir. Vyetnam ölkənin təhlükəsizliyinin təmin edilməsi və milli suverenliyin qorunması məsələlərinə ciddi diqqət yetirir. Çünki Cənubi Çin dənizində tez-tez gərginlik yaşanır. Bundan əlavə, ABŞ bu ölkəni anti-Çin koalisiyasına cəlb etmək istəyir. Ona görə də Hanoy öz silahlı qüvvələrinin inkişafına diqqət yetirir”.
Həmsöhbətimiz qeyd edib ki, rəsmi məlumata əsasən, 2024-cü ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi təxminən 782 milyon manatlıq məhsul istehsal edib: “Bunun 566 milyon manatı ixrac edilib. O deməkdir ki, hər 10 hərbi məhsuldan 7-si xaricə satılıb. Bu, artıq bazarda "Azərbaycan istehsalı" etiketinin keyfiyyət göstəricisinə çevrildiyini göstərir. Əslində Vyetnamın marağı həm də bundan irəli gəlir. Biz də onların modern texnologiyalarla silah istehsalı, yeni materialların tətbiqi və IT təhlükəsizlik sahəsindəki bacarıqlarından yararlana bilərik. Əgər Azərbaycanla Vyetnamın birgə istehsal müəssisələri yaratması mümkün olarsa, üçüncü bazarlar üçün də əhəmiyyətli ola bilər. Xüsusilə Asiya və Afrika bazarlarına münasib qiymətə silah sata bilərik".
Tehsil-press.az