“Makronun ordusu” Azərbaycan sərhədində qalır

“Makronun ordusu” Azərbaycan sərhədində qalır Azərbaycan Aİ missiyasının Ermənistandan çıxarılması məsələsini qaldıra bilər

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladılar. 17 bənddən ibarət olan mətndə mühüm məqamlar yer alıb, onlardan biri də ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini istisna edən 7-ci maddədir.

Qeyd olunub ki, tərəflər ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəklər: “Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”.

Bu o deməkdir ki, regiondakı Avropa İttifaqı (Aİ) müşahidəçiləri artıq Ermənistanın sərhədyanı rayonlarını tərk etməli olacaqlar.

Aİ mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur. Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.

O, İrəvanla Bakının sülh sazişini paraflamasından sonra sərhəddə üçüncü qüvvələrin geri çəkilməsinə dair sualı belə cavablandırıb: “Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək”.

Saziş Vaşinqtonda paraflanandan sonra hər hansı müzakirə aparılıbmı? Bu sualı cavablandıran Maraqos deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir və gərəkdiyi müddətdə burada qalacaq: “Bu, sülh və tənzimləmə vasitəsidir. Onu tam dəstəkləyirik”.

Məlumat üçün qeyd edək ki, Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində daha iki il - 2027-ci il fevralın 19-dək qalmasına qərar verilib.

Aydındır ki, bu, Fransa Prezidenti Emmanuel Makronun layihəsidir. Onun əsas məqsədi isə Ermənistanda Aİ-nin, Qərbin hərbi mövcudluğunu təşkil etməklə regionda gərginlik yaratmaq, tərəfləri yeni müharibəyə təhrik etmək, sülhü yubatmaq idi. Makron düşünürdü ki, öz pozucu, təxribatçı siyasəti nəticəsində Cənubi Qafqazda möhkəmlənə, söz sahibi ola biləcək, prosesləri idarə edəcək. Amma nəinki möhkəmlənmək, heç regiona yaxınlaşa bilmədi. Müşahidə missiyasının heyətində sabiq zabitlər, hərbçilər, kəşfiyyatçılar üstünlük təşkil etməyə başladılar ki, onların arasında fransızlar daha çox idi. Missiyanın sayı 138 nəfərdən 209 nəfərə çatdırıldı, mandatı isə daha iki il, 2027-ci ilin fevralınadək uzadıldı. Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının “özbaşına genişləndirilməsi” adlandırıb. Eyni zamanda Azərbaycan XİN dəfələrlə bəyan edib ki, bu missiyanın fəaliyyəti regionun təhlükəsizliyinə təhdid yaradır və Azərbaycanın maraqlarına uyğun deyil.

Ermənistan qarşısında Aİ müşahidə missiyasının çəxarılması məsələsini qaldırmalıdırmı? Necə ki, Minsk Qrupu sülh sazişinin imzalanmasına maneələrdən biri idi və Azərbaycanın şərtlərindən biri də onun buraxılması idi, eləcə də Aİ müşahidə missiyası əngəl deyilmi?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bütün bəndləri razılaşdırıldıqdan sonra Azərbaycan sülh sazişinin imzalanması üçün iki vacib şərt irəli sürdü. Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ləğv etmək, ikincisi, ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün gərəkən addımın atılması. Minsk Qrupunun buraxılması məsələsi Vaşinqtonda sülh sazişinin mətni paraflandıqdan sonra mümkün oldu: “Çünki ortada qarant kimi ABŞ var idi və hər iki tərəf bu qərara gəldi ki, artıq Minsk Qrupunun qalmasına ehtiyac yoxdur. Ona görə ki, Minsk Qrupu Qarabağa status vermək məqsədilə yaradılmışdı. Artıq Qarabağ məsələsi yoxdur, Azərbaycanın ərazi bütövlüyü tanınır. Bundan sonra əgər Ermənistan Minsk Qrupunun qalmasında təkid etsəydi, deməli, sülh sazişi imzalamaqda səmimi olmadığını nümayiş etdirmiş olacaqdı. Ona görə də Ermənistan hakimiyyəti Vaşinqtonda Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi müraciət göndərməyə razılıq verdi. Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adlanan missiyası bir qədər başqa məsələdir. Birincisi, bununla bağlı elə bir tələb yoxdur. Sülh sazişinin mətnində tərəflərin ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəyi qeyd olunur. Ancaq Azərbaycan bu mülki missiyanın sərhəddə olmasının əleyhinə olduğunu dəfələrlə bəyan edib və bu müşahidə missiyasının mənasız olduğunu, münasibətlərimizdə daha çox etimadsızlıq yaradan amil olduğunu da hər dəfə vurğulayıb”.

A.Səmədov xatırlatdı ki, Avropa İttifaqı mülki müşahidə missiyası ilə bağlı qərar 7 oktyabr 2022-ci ildə Praqada keçirilən sammitdə qəbul olunmuşdu. Orada missiyanın məqsədi aydın şəkildə yazılıb: “Tərəflər arasında etimad yaratmaq və sərhəd komissiyalarına öz məruzələri ilə yardımçı olmaq. Sülh sazişinin imzalanması tərəflər arasında etimadın artıq yaranmasının göstəricisi olacaq. Bundan sonra diplomatik münasibətlər də qurulacaq, birgə layihələr icra olunmağa başlayacaq. Bu məqamda etimadsızlıqdan danışmaq təbiidir ki, mümkün deyil. Digər tərəfdən, sərhəd komissiyalarına təqdim olunacaq məruzələr də yəqin ki, artıq bir neçə dəfə edilib. Ona görə də sülh sazişinin paraflanmasından sonra belə bir məruzəyə də ehtiyac qalmayıb. Bu səbəbdən Ermənistanın mülki müşahidə missiyanın öz ərazisində qalmasında təkid etməsi sülhə nail olmaqda qeyri-səmimi olduğunun göstəricisi kimi qiymətləndirləcək və mən güman edirəm ki, saziş imzalandıqdan sonra Avropa İttifaqı mülki müşahidə missiyasının Ermənistanda qalmasına heç bir ehtiyac olmayacaq. Tamamilə mümkündür ki, hətta saziş imzalanmadan da müşahidə missiyasının qalmasına ehtiyac olmadığı qərarı qəbul olunsun”.

Ekspertin qənaətincə, çox güman ki, sərhədin delimitasiya və demarkasiyası məsələləri ilə məşğul olan hökumət komissiyalarının birgə iclaslarında Azərbaycan mülki missiyanın Ermənistandan çıxarılması məsələsini qaldıracaq: “Ermənistana bir daha xatırladılacaq ki, sərhəd komissiyalarına yardım etməli olan missiya artıq heç bir görmür və onun heç bir faydası yoxdur. Əslində ölkələr arasında daha çox etimadsızlıq yaradır. Eyni zamanda ölkələrimiz arasında qarşılıqlı inam da bu gün heç vaxt olmadığı səviyyədədir. Belə bir inam olduğu vaxtda hansısa müşahidə missiyasının burada fəaliyyətinə ehtiyac qalmır. Çox güman ki, Ermənistan da yaxın zamanlarda bu qənaətə gələcək. Ancaq sülh müqaviləsinin imzalanması üçün belə bir şərtin bizim tərəfimizdən irəli sürülməsi hesab edirəm ki, prosesə müsbət təsir göstərməz. Hesab edirəm ki, Azərbaycan bu mülki müşahidə missiyasına artıq ciddi əhəmiyyət də vermir. Mülki missiyanın rolunu şişirtməyə də ehtiyac yoxdur. Çünki hazırda demək olar ki, fəaliyyətsiz bir quruma çevrilib. Yəqin yaxın vaxtlarda Ermənistan da bu reallığı dərk edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər