Pambıq yığımı prosesi institutun elmi nəzarəti altında, müasir elmi metod və yanaşmalar əsasında həyata keçirilir. Bu mərhələdə tədqiqat məqsədilə yığım yalnız əl ilə aparılır. Bu yanaşma sortların məhsuldarlıq göstəricilərinin daha dəqiq qiymətləndirilməsinə, eləcə də hər bir nümunənin ayrı-ayrılıqda təhlilinə imkan yaradır.
Qeyd olunan yerli pambıq sortları institutun alimləri və seleksiyaçıları tərəfindən uzunmüddətli elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılıb və ölkənin agroekoloji şəraitinə tam uyğunlaşdırılıb. Bu sortların əsas üstünlükləri – yüksək məhsuldarlıq, xəstəlik və zərərvericilərə qarşı davamlılıq, həmçinin yüksək keyfiyyətli lif istehsalı qabiliyyətidir.
Sözügedən təşəbbüs Azərbaycan pambıqçılıq sektorunun inkişaf etdirilməsi, yerli pambıq sortlarının istehsal həcminin artırılması və idxaldan asılılığın azaldılması məqsədilə həyata keçirilir. İnstitutun mütəxəssisləri yaxın gələcəkdə bu sortların geniş miqyasda tətbiqini və fermer təsərrüfatlarında istifadəsini təşviq etməyi planlaşdırırlar.
Tehsil-press.az