BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır

BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Genetika kafedrasının doktorantı, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Şadər Əlizadənin “Pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda elmi seminarı keçirilib.

Biologiya fakültəsinin dekanı, dosent  Afət Məmmədova qeyd edib ki, qlobal iqlim dəyişiklikləri ekosistemlərin vəziyyətini daha da çətinləşdirərək, duzluluq, quraqlıq və digər stres faktorlarının təsirini artırıb. Bu artan ekoloji təzyiqin nəticəsində dünyada kənd təsərrüfatı üçün yararlı torpaqların təxminən üçdə biri duzluluq stresindən əziyyət çəkir. Duzlu mühitin osmotik təzyiqi bitkilərin su alma qabiliyyətini azaldaraq, onların fizioloji və bioloji proseslərini dəyişdirir. Bu səbəbdən duzluluq stresinə davamlı bitki genotiplərinin yaradılması və seleksiyada tətbiqi qlobal kənd təsərrüfatı üçün vacib məsələlərdən biridir.

Məruzəçi Şadər Əlizadə tədqiqat işində pambığın yerli və introduksiya olunmuş 48 genotipi üzərində müxtəlif təcrübələr aparıldığını deyib. Bildirib ki, NaCl duzunun 100 mM və 200 mM qatılıqlı stres şəraitində gen ekspressiyasının dəyişməsi, stresə qarşı olan biokimyəvi reaksiyalar, biokütlə istehsalı və cücərmə parametrləri qiymətləndirilib.

Statistik təhlil və klaster analizi nəticəsində müxtəlif pambıq genotiplərinin duzluluq stresinə qarşı reaksiyaları müqayisə edilib, davamlı və həssas genotiplər müəyyən olunub. Tədqiqatda həmçinin pambıq bitkisi üçün ən uyğun davamlılıq indeksləri də təklif edilib.

Tədqiqatın nəticələrinin pambıq bitkisi üçün yeni, duza davamlı genotiplərin identifikasiyasına və onların seleksiyada istifadəsinə yol açacağını qeyd edən məruzəçi bu araşdırmanın kənd təsərrüfatında şoranlaşma probleminin qarşısını almağa kömək edəcəyini vurğulayıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, tədqiqat işinin effektivliyi müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər