Bu kənddə cəmi 1 nəfər yaşayır...

Bu kənddə cəmi 1 nəfər yaşayır... Dünyanın hər yerində kəndlərin boş qalması və əhalinin iri şəhərlərə köç etməsi ciddi problem kimi qəbul edilir. Azərbaycanda da bu hal yaşanır. Artıq ölkəmizdə əhalisinin sayı iki-üç nəfər olan kəndlər də var. Kənddən şəhərə köç aqrar sektora da mənfi təsir göstərir.
Azərbaycanda əhalisinin sayı 50 nəfərdən az olan 129 kənd var. 4 246 kənd arasında 97-nin əhalisi 5 000 nəfərdən çoxdur. Son illərdə kənddən şəhərə köçün miqyası sürətlə artır. Bu, aqrar sektora da ciddi təsir göstərir. Sosial şəbəkələrdə Lənkəranda, Gədəbəydə kənd evlərinin ya qapısının bağlı qalması, ya da ucuz qiymətə satılması ilə bağlı görüntülər yer alır.
“Kənddən şəhərə köçün qarşısını almaq mümkün deyil”
İqtisadçı Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, insanların vətəndaşı olduqları ölkənin istənilən yerində yaşamaq hüququ var: “Həmin hüququ kimsə onların əlindən ala bilməz. İnsanlar özləri seçim edirlər. Bu, təhsil, maddi imkanlar və potensialla bağlı məsələdir. Bu amillər böyük və ya orta şəhərlərdə, kəndlərdə yaşamaq imkanı verirmi? Birmənalı olaraq, kənddən şəhərə köçün qarşısını almaq mümkün deyil. Prosesin qarşısını müvəqqəti almaq olar. Kimi isə hansısa kənddə yaşamağa məcbur etmək qeyri-mümkündür. Amma iqtisadi metodlarla, müəyyən təşviq alətlərindən istifadə etməklə kəndlərin boşalmasının qarşısını almaq olar. Eyni zamanda, bu, o demək deyil ki, kəndlərin boşalmasının qarşısının alınması sərfəlidir. Məsələn, Rusiyada Uzaq Şərqdə kilometrlərlə ərazilər var ki, bir insan belə yaşamır. Kəndlər, qəsəbələr boşalıb. Çünki soyuq və əlverişsiz yerlərdir, müasir dünyaya inteqrasiya zəifdir. Azərbaycanda Gədəbəydə boşalan kəndlə bağlı məsələdə də bu hal özünü göstərir. Biz gələcəkdə də bu tendensiyanı görəcəyik. Tək bizdə yox, dünyanın hər bir yerində müşahidə olunacaq”.
Hansı kəndlərin boşalması müsbətdir?
E.Əmirov bir sıra kəndlərin boşalmasının Azərbaycan üçün müsbət və mənfi tərəflərinə toxunaraq deyib ki, bəzi yerlərdə kəndin boşalması müsbət amildir: “Məsələn, ucqar rayonlarımızda kənd var ki, 3-5 evdən ibarətdir. Bu kəndlərdə 3-5 ailənin yaşaması üçün elektrik, qaz təchizatı, yol və digər infrastrukturlar kifayət qədər xərc aparır. Həmin ailələri digər yaxın qəsəbələrə köçürmək daha rentabellidir. Əvəzində, o kəndlərdən kənd təsərrüfatının digər sahələri üçün istifadə oluna bilər. Amma elə kəndlər də var ki, sözün həqiqi mənasında vətəndaşların bu əraziləri boşaltması Azərbaycanın milli mənafeyinə xələl gətirər. Misal üçün, sərhədlərə yaxın kəndlərin boşalması yaxşı hal deyil. Ölkə olaraq məhz sərhədlərə yaxın kəndlərin boşalmaması üçün müəyyən təşviq alətlərindən istifadə etməliyik. Bu kəndlərdə iqtisadi cəhətdən daha fəal həyatın yaradılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Bu, milli maraqlara uyğun prosesdir”.
Ekspert qeyd edib ki, paytaxtda əhalinin sayının artmaması üçün proqramlı iş olmalıdır. Bu proqramın da özəyində regionların inkişafı yer almalıdır. Çünki regionların inkişafı olmadıqca əhali paytaxta üz tutur. Bu isə paytaxtda əhalinin artmasına, tıxaclara, iqtisadi cəhətdən səmərəsizliyə, müəyyən sahələrin yüklənməsinə gətirib çıxarır. Nəticə etibarı ilə, bu, ölkənin simmetrik inkişafına mane olan faktordur”.
Bu kənddə cəmi 1 nəfər yaşayır
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Rəfail Həsənov bildirdi ki, bu gün dünyanın bir çox əyalətləri boşalır, insanlar böyük mərkəzlərə axın edir: “Kəndlərin boşalması problemi postsovet respublikaları olan Rusiya, Belarus, Moldova, Gürcüstan və digərləri üçün də aktualdır. Dövlət Statistika Komitəsinin hesabatında da Azərbaycanda əhalinin ən az məskunlaşdığı kəndlərin adları açıqlanıb. Bu, Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki, həmin kənddə cəmi 1 nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri isə İsmayıllı rayonunun Pirqəm kəndi (2 nəfər), Gərzə kəndi (3 nəfər), Dahar kəndi (5 nəfər) tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Misal üçün, Neftçalanın Qızqayıtdı kəndində 3, Siyəzən rayonunun Əlməkolu kəndində 4, Qaxın Bağtala kəndində 9 nəfər yaşayır".

Tehsil-press.az

Oxşar xəbərlər