TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Qlobal Cərrahiyyə 2030” konsepsiyası çərçivəsində “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I Konfrans” baş tutub.Konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşavirləri Vüqar Yaqublu və Emil Qasımov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, TƏBİB-in struktur bölmə rəhbərləri, müxtəlif tibbi ərazi bölmələrinə daxil olan tibb müəssisələrinin rəhbər əməkdaşları, cərrah və anestezioloqları iştirak ediblər.
Konfransda açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qlobal sağlamlığın ayrılmaz tərkib hissəsi olan cərrahiyyənin cari vəziyyəti, vacibliyi, dayanıqlığı və sosial aspektlərinə toxunub.
V.Qurbanov qeyd edib ki, son onilliklərdə dünya səhiyyə sistemində böyük irəliləyişlər əldə olunsa da, təəssüf ki, bu nailiyyətlər ədalətli bölüşdürülməyib:
“Dünyada hələ də 5 milyarddan çox insan ehtiyac yarandıqda təhlükəsiz, əlçatan cərrahiyyə və anesteziyaya çıxışdan məhrumdur. Belə ki, hər il 33 milyon insan cərrahi xidmətlər ucbatından katastrofik xərclərlə üzləşir. Vaxtında müalicə oluna bilən appendisit, yırtıq, sınıq, ağır doğuşlar, anadangəlmə qüsurlar, süd vəzi və uşaqlıq boynu xərçəngi kimi hallarda gecikmə həyati riskləri artırır. Bu reallıq bizə göstərir ki, cərrahiyyə sadəcə klinik xidmət deyil, həm də ictimai sağlamlıq məsələsidir”.
V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın yenilənən Xidmətlər Zərfinə əlavə edilən 775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Eyni zamanda bu cərrahi əməliyyatlara həyati, vacib, əlillik və ya ölüm riski yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar daxildir. Bu gün ölkəmizdə dövlət tibb müəssisələrində də yüksək keyfiyyətli və təhlükəsiz şəkildə orqan transplantasiyası icra olunur.
“Bizim hədəfimiz 2030-cu ilə qədər ölkəmizin hər bir regionunda cərrahi və anestezioloji xidmətləri inkişaf erdirmək, ən mürəkkəb cərrahi əməliyyatları region əhalisi üçün əlçatan etməkdir”.
Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb. O, Qazax rayonunda, eləcə də rayon səhiyyəsinin inkişafı istiqamətində görülən işləri və yenilikləri yüksək qiymətləndirib və layihənin region üçün vacibliyindən danışıb.
TƏBİB-in İcraçı direktorunun müşaviri Vüqar Yaqublu “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – cərrahi hədəflər” mövzusunda çıxış edərək konfrans iştirakçılarına yol xəritəsinin əhəmiyyəti, məqsəd və vəzifələri barədə geniş məlumat verib.
“Zəruri, təhlükəsiz, əlçatan cərrahi və anesteziya xidmətinin qiymətləndirilməsi üçün əsas indikatorların müəyyən edilməsi və bu indikatorlar üzrə real hədəflərə çatmaq gələcək illər üzrə prioritetlərimizi təyin edir”, – deyə V. Yaqublu qeyd edib.
Qeyd edək ki, konfransın məqsədi 2030-cu ilə qədər inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələrində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərə (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) çıxışın təmin edilməsi üçün klinik təchizatın dayanıqlığının gücləndirilməsi, xəstə axınının optimallaşdırılması, davamlı tibb təhsili proqramlarının tətbiqi, regionlara ixtisaslı kadrların cəlbi və xaricdə fəaliyyət göstərən mütəxəssislərin ölkə səhiyyəsinə inteqrasiyası istiqamətində tədbirlərin həyata keçirilməsinin ilkin mərhələdə start verməkdir.
Konfransın sonunda “Zəruri Cərrahiyyə və Anesteziya Xidmətlərinin Təşkili üzrə Elmi-Praktik Məsləhət Şurası” yaradılmasına qərar verilib.
Şura ildə bir dəfə tam tərkibdə “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə” növbəti konfransda toplanması planlaşdırılır və TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin cərrahiyyə və anesteziologiya bölmələrinin rəhbər heyətindən, həmçinin müvafiq peşəkar cəmiyyətlərin nümayəndələrindən formalaşdırılıb.
Sonda konfrans iştirakçıları Qazax Müəllimlər Seminariyasının tarixi binası ilə tanış olublar.
Qeyd edək ki, konfransların ildə bir dəfə olmaqla regionlarda keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az











