Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək Noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək.
Konfransın keçirilməsi ilə bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.
Konfransın istiqamətləri bunlardır: təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər), texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat), sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat).
Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər