SOCAR Avro-2016-ya sponsorluqdan nə qazanacaq? - Şərh

SOCAR Avro-2016-ya sponsorluqdan nə qazanacaq? - Şərh Son günlər SOCAR-ın Avropa Çempionatına sponsorluq etməsi ilə bağlı məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, müzakirə iştirakçıları dünyada neftin qiymətinin aşağı düşdüyü bir məqamda ölkə daxilində bir sıra mühüm sahələrin inkişaf etdirilməsinin vacib olduğu halda SOCAR-ın çempionata sponsorluq etməsini artıq xərc kimi qiymətləndirirlər.

Məsələnin lehinə olanlar isə bildirir ki, SOCAR-ın Avropa çempionatına sponsorluq etməsi ilə bağlı müqavilə 2013- cü ildə imzalanıb. O zaman isə dünya bazarında neftin qiyməti 100 dollardan çox idi. Dövlət Neft Şirkətinin gəlirləri isə indiki səviyyədə deyildi. İstənilən halda bu ölkənin və Neft Şirkətinin tanıtımı üçün uğurlu layihə hesab oluna bilər.
Bu gün isə SOCAR prezidenti Rövnəq Abdullayev ictimaiyyət arasında gedən bu müzakirələrlə bağlı bildirib ki, layihə təkcə sosial deyil, hәm dә kommersiya xarakterlidir: “Çünki bu layihә sayәsindә bizim Gürcüstanda 35 faiz, Rumıniyada 30 faiz, İsveçrәdә 15 faiz gәlirimizi artırıb. Kimin ağlına gәlәrdi ki, bu cür ölkәlәrdә SOCAR belә uğura imza atar. Bu bizә әlavә gәlir gәtirir".
SOCAR Avro-2016-ya sponsorluqdan nə qazanacaq? - Şərh
“Qafqazinfo” bu məqamda ciddi şəkildə müzakirə olunan və qınaq obyektinə tuş gələn mövzu ilə bağlı enerji məsələləri üzrə tanınmış iqtisadçı ekspert İlham Şabana müraciət edib. Sözügedən müqavilənin Azərbaycan üçün nə qədər əhəmiyyətli olub olmadığını, o cümlədən gəlirlərin artmasına necə təsir etdiyini soruşub.
Ekspert bu müqavilədən sonra SOCAR-ın gəlirlərinin artması ilə bağlı təhqiqat aparmadığını qeyd edib:
“Ümumiyyətlə isə qeyd etmirlər ki, gəlirlər hansı təhqiqatın nəticəsidir. Düzdür, 2013- cü ildən bu günə kimi artım səviyyəsini qeyd edə bilərlər. Bu üç il ərzində satışların miqyasını müqayisə edərək bu qənaətə gələ bilərlər.
Məsələn, Ukrayna ilə bağlı deyə bilərəm ki, SOCAR orada geniş şəkildə futbolla bağlı tədbirlərə qatılır. Çünki Ukrayna futbol ölkəsidir. Hətta oyunların final mərhələlərində avtobuslar SOCAR-ın yanacaqdoldurma məntəqələrindən istifadə edirdilər. Bu kimi hadisələri real qiymətləndirmək olar. Avropa ölkələrindən olan Rumıniya, İsveçrədə əsasən də hava limanlarında SOCAR-ın reklamlarına rast gəlinir. Hətta Tiflisin özündə hava limanından çıxanda SOCAR Georgia UEFA yazılan reklam roliki görürsən. Bunlar təsiredici məqamlardır. Çünki futbol da finala çıxmaq üzərində mübarizə aparırlar. Oradakı reklamlar da azarkəşlərə, istehlakçılara təsir edən amildir. Bunu danmaq olmaz.
Rumıniya ilə bağlı onu təsdiq edə bilərəm ki, həmin ölkənin Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, SOCAR-ın ordakı nümayəndəliyi ilk dəfə 2015- ci ilin yekunlarına görə 502 min dollar həcmində mənfəət əldə edib. Bundan əvvəl isə şirkət mənfəətlə işləmirdi. Çünki orada 36 yanacaqdoldurma məntəqəsi quruldu və bunlar hamısı kapital xərcləri idi. Satılan benzin isə kapital xərclərinin qarşılığını ödəyə bilmirdi.
İndi SOCAR 2017-ci il üçün Türkiyədə böyük yanacaqdoldurma məntəqələri almağa hazırlaşır. Çünki həmin ilin sonunda STAR neft emalı zavodu Türkiyədə istifadəyə verilməlidir. Bu marketinq siyasətidir. SOCAR bu yollarla yaddaşlara yazılır”.
SOCAR Avro-2016-ya sponsorluqdan nə qazanacaq? - Şərh
Ekspert vurğulayıb ki, insanların böyük əksəriyyəti marketinq məsələsi ilə tanış deyillər: “Mən 2014- cü ildən o reklamlara baxıram, camaatın isə indi yadına düşüb. İndi müzakirələrdə deyirlər ki, bundansa dekabrda həlak olmuş neftçilərin xatirə abidəsini SOCAR qoyardı. Bunu əbədiləşdirmək əvəzinə, pullları çempionata xərcləyirlər. Ancaq rəhbərlik açıqlayıb ki, bu əbədiləşmə məsələsi də olacaq.
Həm də 2013- cü ildən müqavilə imzalanıb ki, 2014- ci ildən etibarən tədbirlər başlanılsın və finalına çatılsın. O zaman belə hadisənin olacağı gözlənilmirdi.
Amma insanlarda məlumat da yoxdur ki, SOCAR-ın 2020-ci ilə kimi gəlirlərinin yarıdan çoxu xarici layihələrdən formalaşacaq. Gəlirlər 2,5 milyon neft məhsulunu, yaxud hansısa xidmətləri yerli bazar da satmaqlamı formalaşır? Dövlət Neft Şirkəti özünü ancaq xarici bazarlara hədəfləyir. Çünki xarici bazardakı fəaliyyətindən artıq qazanc götürəcək. Belə olan halda onun tanıtıma böyük ehtiyacı var.
Düzdür, sual oluna bilər ki, o cür tədbirlərdə heç bir xammal şirkəti özünü reklam etmir. Bununla tamamilə razıyam. Ancaq məsələ odur ki, o şirkətlər özlərinin reklamını, bazarda təsdiqini 50 il bundan qabaq reallaşdırıblar. Onların bütün mötəbər tədbirlərdə reklamları olur. Mən də istəyərdim ki, bizim hansısa xidmətinizin və ya brendimizin reklamı orada olsun. Ancaq çar hökumətinin, ADR-nin, 70 illik sovet imperiyasının, 25 illiyini qeyd etməyə hazırlaşdığımız müstəqil Azərbaycanın vaxtından bu ölkənin iqtisadiyyatının brendi neft olub. Axı bundan başqa hökumət ortalığa bir şey çıxara bilməyib.
Baxın, bizim yaxşı pomidorumuz var, ancaq onun brendi yoxdur. Adicə dişlənmiş almanı brend edirlər, amma biz hələ pomidoru brend edə bilməmişik. Rusiyada artıq hamı tanıyır ki, Zirə, yaxud Şəmkir pomidoru hansıdır? Ancaq Azərbaycanın ağlına gəlmir ki, bunu brend etsin. Halbuki qonşu ölkə Türkiyə pomidor satışından 3 milyard gəlir götürür”.


Tehsil-press.az

Oxşar xəbərlər